Hadca Labibin ERMƏNİPƏRƏST MÖVQEYİ: “Hansısa ölkənin XİN-i tərəfindən verilən bu cür bəyanatlar…” – RƏY

“Əgər bu məqamlar sözügedən dövlətlərlə münasibətlərimizə kölgə salsa, əlbəttə də ki, bizim xeyrimizə olmayacaq və qarşı tərəf bundan daha çox istifadə etməyə çalışacaq”.

Bu sözləri Belçika XİN rəhbərinin qərəzli bəyanatı və ölkəmizdə səfərini dəyərləndirən siyasi ekspert Vüqar Əhmədov Yenicag.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, ermənilər qəsdən bu cür fəaliyyətlə qlobal səviyyədə bizim əleyhimizə rəy formalaşdırmağa çalışırlar və buna görə də dünyada təbliğat imkanlarımızı gücləndirməliyik:

“Təəssüflər olsun ki, hələ də bu cür bəyanatların şahidi oluruq. Bu tipli bəyanatlar bununla bitmir. Aİ və Kanada XİN tərəfindən səsləndirilən bəyanatlar da olub. Hazırda Azərbaycanda səfərdə olan Belçika Xarici İşlər Nazirinin də ölkə başçısı tərəfindən qəbul edilməməsi Azərbaycanın bu yönümdə qəti və adekvat mövqeyini ortaya qoyur. Həmçinin bundan öncə də ABŞ nümayəndələrinin səfəri təşkil olunduğu zaman bu cür bəyanatlar üzündən prezident görüşdən imtina edib. Bütün bu reaksiyalar yeni hal deyil. Yaranmış belə bir vəziyyət erməni lobbisinin Qərbdəki təbliğat və Avropa ölkələrinin Ermənistana verdiyi dəstəkdən irəli gələn amillərdir.

Düşünürəm ki, bu kimi nüansların olmasına baxmayaraq, Qərb dövlətləri və təşkilatlarla münasibətlərdə hansısa dəyişikliiyə yol verməməliyik. Bu mövzuyla bağlı davamlı olaraq iş aparmaq lazım gəlir. Əgər bu məqamlar sözügedən dövlətlərlə münasibətlərimizə kölgə salsa, əlbəttə də ki, bizim xeyrimizə olmayacaq və qarşı tərəf bundan daha çox istifadə etməyə çalışacaq.

Bu gün Ermənistanla yanaşı Azərbaycanın da Qərblə yaxşı münasibətləri mövcuddur. Hər hansısa ölkənin XİN-i tərəfindən verilən bu cür bəyanatlar o demək deyil ki, bütün Qərb dairələri eyni fikirdədir. Qeyd etmək lazımdır ki, Azərbaycan reallıqlarını düzgün şəkildə təqdim etməyimizin əvvəlki dövrlərlə müqayisədə müsbət təsirini müşahidə edirik. Lakin məsələyə obyektiv yanaşmalıyıq.

Etiraf etmək lazmdır ki, adı çəkilən ölkələrdə bizim təbliğat imkanlarımız kifayət qədər güclü deyil və bu istiqamətdə müvafiq işlər görülməlidir. Azərbaycan nə qədər proseslərdə aktiv şəkildə çıxış edərsə, gedişatı öz xeyrimizə dəyişə bilərik.

Hazırda baş verən proseslər kritikdir. Ermənilər qəsdən bu cür fəaliyyətlə qlobal səviyyədə bizim əleyhimizə rəy formalaşdırmağa çalışıırlar. Buna baxmayaraq, hesab edirəm ki, onlar bu istəklərinə nail ola bilməyəcəklər. Bu gün Azərbaycan kifayət qədər informasiya müharibəsində iştirak edir və öz reallıqlarını dünya ictimaiyyətinə çatdırır. Çalışırıq ki, beynəlxalq ictimaiyyəti Qarabağdakı vəziyyətlə bağlı dolğun şəkildə məlumatlandıraq. Təbii ki, bu kimi halların baş verməsi müsbət hal deyil. Hətta bu məqam münasibətlərə müəyyən qədər mənfi təsir edə bilər. Amma yenə də ölkənin vətəndaş cəmiyyəti və ictimai sektoru Qərb ölkələriylə əlaqələr qurmalıdır”.

Yusif Səmədzadə