!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hadı Rəcəbli yenə danışdı, aləm qarışdı: “Bu təklif hökumətin özünə ziyandır”

!Reklam – Yazi

Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Hadı Rəcəbli irəli sürdüyü yeni təkliflə özünü növbəti dəfə hədəfə çevirib.

Yenicag.az xəbər verir ki, Hadı Rəcəbli sosial şəbəkələrin bağlanmasını istəyib.

Rəcəbli belə hesab edir ki, ölkədə bu addımı atmağın vaxtı çatıb:

“Bəzi texniki məsələlər var ki, ona qarşı mübarizə aparmaq hələ ki, çətin görünür. Amma bir çox inkişaf etmiş ölkələrdə dövlət və onun atributlarına qarşı təxribatlar, təhqir, böhtan yayan saytlar, sosial şəbəkələr dərhal bağlanır. Düşünürəm ki, artıq Azərbaycanda da bu addımları atmaq lazımdır.

Qeyd edək ki, hakimiyyətyönlü düşərgənin mənsubları sosial şəbəkələrin bağlanmasına dair bundan əvvəl də təşəbbüs qaldırıblar. Ancaq qalmaqallı açıqlamaları ilə özünü hədəfə çevirən Hadı Rəcəblinin də bu təklifi dilə gətirməsi hökumətin sosial şəbəkələri bağlamaq niyyəti haqqında qənaətlərə əsas verib.

YAP-çı deputatın səsləndirdiyi təklifi Yenicag.az-a dəyərləndirən “ReAl” hərəkatının icraçı katibi Natiq Cəfərli bildirib ki, bu təşəbbüs ilk növbədə hökumətin özü üçün ziyanlı nəticələrə gətirə bilər:

“Əgər sosial şəbəkələrlə bağlı hər hansı problem varsa, onlar həmin virtual məkanların bağlanması yolu ilə deyil, ölkədə normal diskussiya ortamının yaradılması ilə həll oluna bilər. Yəni insanın saçına kəpək düşərsə, onu müalicə etmək üçün başı kəsməyə ehtiyac yoxdur.

Sosial şəbəkələrdə kimlərsə tərbiyəsizlik edirlərsə, təhqirə yol verirlərsə, o zaman məsələni hüquq müstəvisində, məhkəməyə müraciət etməklə yoluna qoymaq mümkündür. Eyni zamanda, “Facebook” mərkəzinə şikayət edərək, tərbiyəsizlik edən profilləri, yaxud da səhifələrin qapadılmasına nail oluna bilər. Bu, dünyada qəbul edilmiş ən normal praktikadır.

Sadəcə olaraq, Azərbaycanda rəsmi şəxslər, YAP-çı deputatlar, hakimiyyətin mövqeyini dəstəkləyən fiqurlar sosial şəbəkələrin diskussiya alanına girə bilmədikləri üçün və o müstəvidə uduzduqlarına görə həmin platformaların qapadılmasına çağırış edirlər. Bu isə təbii ki, ağlabatan yanaşma deyil.
Sosial şəbəkələrin Azərbaycanda fenomenə çevrilməsinin əsas səbəbi başqa diskussiya platforması və ortamı yoxdur. Dünyanın normal ölkələrində “facebook”dan daha çox əyləncə məkanı və bu xarakterli paylaşımlar üçün istifadə olunur. Çünki o ölkələrdə diskussiya aparmaq üçün özgə platformalar mövcuddur. Azərbaycanda isə təəssüf ki, “facebook”dan başqa belə bir platforma qalmayıb.

Ona görə də “facebook”un bağlanması ilk növbədə hökumətin özünə ciddi ziyan vuracaq. Ona görə ki, hökumət sosial şəbəkələr vasitəsilə müxtəlif qrupların fəaliyyətini izləmək imkanına malikdir. Bu addım hökumətə qətiyyən sərf etməz.

Bəli, “facebook”da müəyyən qanunazidd hərəkətlərə yol verilir. Ancaq o məsələlər dediyim kimi, hüquq müstəvisində həll olunmalıdır”.

Mövzu ilə bağlı Yenicag.az-a danışan Mətbuat Şurası İdarə Heyətinin Azər Həsrət isə Hadı Rəcəbliyə müəyyən qədər haqq qazandırsa da, sosial şəbəkələrin bağlanmasını məqbul saymır:

“Bu gün həqiqətən də sosial şəbəkələrdə ciddi qanun pozuntularına, təhqirlərə, tərbiyəsizliyə yol verildiyinin şahidiyik. Bu mənada mən Hadı Rəcəblini anlayır və ona haradasa, haqq qazandırıram.

Ancaq bu fikirdəyəm ki, sosial şəbəkələrin bağlanmasının alternativləri də var. Hesab edirəm ki, Azərbaycanda seçki prosesinin davam etdiyi bir dönəmdə belə təklif səsləndirmək doğru deyil. Buna ehtiyac yoxdur.

Bildiyiniz kimi, sosial şəbəkələrdə tərbiyəsizlik edən şəxslərin çoxu xarici ölkələrdə məskunlaşıblar və onlara qarşı tədbir görmək imkan xaricindədir. Ancaq sözsüz ki, daxildə də belələri var və bu fəaliyyətlərini davam etdirirlər.

Mənə çox təəccüblüdür ki, ölkənin hüquq-mühafizə orqanları niyə onlarla bağlı hüquq müstəvisində tədbir görmürlər? Fikrimcə, ölkənin rabitə qurumları və hüquq-mühafizə orqanları bu məsələdə sıx əməkdaşlıq etməlidirlər. Ancaq dediyim kimi sosial şəbəkələrin qapadılmasına ehtiyac yoxdur”.

Qeyd edək ki, Hadi Rəcəbli sözügedən açıqlamanı Ölkə.az saytına verib.

A. Zeynalov

www.yenicag.az

2718
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv