SPACE telekanalı yeni layihəyə start verib. Həftə ərzində baş verən ən yaddaqalan hadisələrə öz baxış bucağından nəzər salan, cəmiyyəti narahat edən problemləri işıqlandıran “Hadisə harada, Tahirə orada” verilişinin müəllif və aparıcısı Tahirə Məmmədqızıdır.
Yenicag.az xəbər verir ki, bazar günü verilişin ilk buraxılışı yayımlanıb. İlk efir gününün mövzusu ötən həftəyə damğa vuran qətl hadisəsinə həsr olunub. Belə ki, Bakıda analoqu olmayan hadisə baş verib: Sabunçu rayonunda 23 yaşlı, 2 uşaq anası Tünzalə Elşad qızı Vəliyeva aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Nazim Fəxrəddin oğlu Vəliyevin başına meyvəqabını çırpıb. Nəticədə, N. Vəliyev yerə yıxılıb. Bundan sonra qadın qaz balonunu bir neçə dəfə ərinin başına vuraraq, onu öldürüb.
Qətlin təfərrüatlarını öyrənmək üçün hadisə yerində olan Tahirə Məmmədqızı Nazim Vəliyevin ailə üzvləri ilə görüşərək, faciənin başvermə səbəbini öyrənib. Nazimin anasının sözlərinə görə, oğlunun evinə yaxınlaşan an 3 qadının – gəlinini, qudasını və gəlinin bacısının üst-başı qan içində bayıra çıxdığını görüb. Ananın dediyinə görə, qudası əsəbi halda ” oğlunu öldürdük, səni də öldürəcəyik”, deyə onun üstünə şığıyıb. Oğlunun qətlindən sarsılan ana gəlininə ən ağır cəzanın verilməsini tələb edib.
Studiyaya dəvət olunan qonaqlar – hüquqşünas Tahir Əlirzayev, sosioloq Əhməd Qəşəmoğlu, psixoloq Rafiq Allahverdiyev və jurnalist Zakirə Zakirqızı hadisə ilə bağlı fikirlərini bildirərək, qadını qətlə sürükləyən ehtimalları müzakirə etmiş, ailələrdəki mövcud psixoloji vəziyyətdən, cəmiyyətdəki neqativ hadisələrin başvermə səbəblərindən danışmışlar. Müzakirə əsnasında ciddi polemika yaranmış, ekspertlər bu cür faciələrin qarşısının alınması üçün bir sıra təkliflər irəli sürmüşlər. Sosioloq Əhməd Qəşəmoğlu isə bildirmişdir ki, hər şey məktəbdən başlayır. Onun sözlərinə görə, gələcəkdə bu kimi qətllərin və ailə dramlarının kütləvi hal almaması üçün gənclər arasında hələ uşaq yaşlarından sağlam ailə modeli barədə maarifləndirici təbliğat aparılmalıdır.
Verilişin sonunda üzünü tamaşaçılara tutaraq, onları narahat edən problemlərin ancaq SPACE TV-də çözüləcəyini bildirən aparıcı, seyrcilərini aktiv olmağa, üzləşdikləri bütün çətinliklər barədə dərhal sözügedən kanala məlumat vermələrini bildirib. Çünki bundan sonra “Hadisə harada, Tahirə orada”…
Qeyd edək ki, verilişin informasiya dəstəkçisi Yenicag.az saytıdır.