“Artıq “Heyət Təhrir əş-Şam” lideri Məhəmməd Əl-Qolaniyə tətbiq olunan sanksiyalar aradan qaldırılmaqdadır. Sanksiya deyərkən, onun başına qoyulmuş 10 milyon dollar mükafatı nəzərdə tuturam. Bu, ABŞ tərəfindən ləğv edilmək üzrədir. Son məlumatlara görə, əl-Qolaninin rəhbərlik etdiyi təşkilat artıq terrorçu təşkilatlar siyahısından çıxarılır. Bu da faktiki olaraq həmin təşkilatın hakimiyyət legitimliyini təmin etmək istiqamətində atılan addımdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
Analitik Türkiyənin xarici işlər naziri Hakan Fidanın Suriya səfərinin pərdəarxası motivlərini şərh edib.
Həmsöhbətimizin fikrincə, Suriyanın yenidən bərpası və qurulması prosesində Türkiyə ön plandadır:
“Türkiyənin dəstəyi ilə bu ölkə ilə əlaqələri olan şəxslər, xüsusilə də Türkiyədə təhsil almış kadrlar hakimiyyətə gətirilir. Hakan Fidanın son səfəri çərçivəsində verilən məlumatlara əsasən, Türkiyə Suriyada dövlət quruculuğu prosesində tam dəstək göstərəcək və xüsusilə Suriya ordusunun formalaşdırılmasında əsas rol oynayacaq. Bu, Suriyanın gələcəkdəki hərbi qüvvələrinin Türkiyə ilə sıx əlaqələr içində olacağını göstərir”.
Onun sözlərinə görə. ABŞ və Avropa İttifaqına üzv ölkələr də əl-Qolani ilə əlaqələr qurmağa cəhd edirlər:
“Bunun əsas məqsədi Suriyanın yenidən qurulması prosesinin yalnız Türkiyənin nəzarətində olmamasıdır. Hər kəs Suriyadakı proseslərdən öz maraqları üçün pay çıxarmağa çalışır. Bu çərçivədə ABŞ dövlət katibi Entoni Blinken də Suriyaya səfər etməyə hazırlaşır. Hazırda Yaxın Şərq uğrunda gedən mübarizə, xüsusilə Suriyanın yenidən dizayn olunması prosesi bu bölgənin gələcəyini müəyyənləşdirəcək əsas faktorlardan biridir. Türkiyənin Əsəd rejimini dəyişdirmək istiqamətindəki fəaliyyəti onu regional proseslərdə ön plana çıxarıb. Rəsmi Ankaranın bu rolu isə ABŞ və onun bəzi müttəfiqlərinin Yaxın Şərqi yenidən formalaşdırmaq planlarını əhəmiyyətli dərəcədə pozub və onları nəzərdə tutulmayan istiqamətlərə yönləndirib. Bu mənada, Türkiyə bölgədə mühüm bir geosiyasi iradə sahibi kimi çıxış edir.
Ümumiyyətlə, Suriya böhranı Ukrayna müharibəsindən sonra dünyanın yeni nizamının formalaşdırılmasında ikinci ən önəmli münaqişə bölgəsinə çevrilib. Suriyadakı hadisələr hazırda maraqların ciddi şəkildə toqquşduğu bir məkan olmaqla yanaşı, qlobal keçid dövrünün vacib tərkib hissəsi kimi dəyərləndirilə bilər”.
Rafi Müslümov