“Hakim dedi ki, “KİV haqqında” qanun balaca büroşurdur, ona istinad edə bilmərəm” – Baş redaktor

“Sabunçu Rayon Məhkəməsinin hakimi Adilə Paşayeva barəmizdə olduqca ədalətsiz qərar çıxardı”.

Bunu AFN.az saytının baş redaktoru Səbuhi Qafarov deyib.

Onun sözlərinə görə, “Veysəloğlu” Şirkətlər Qrupu tərəfindən məhkəməyə verilib:

“Şirkətlər qrupunu, ona aid olan müxtəlif marketləri, istehsal müəssisələrini tənqid edən yazı hazırlamışdıq. Yazıda müxtəlif dövlər orqanlarının açıqlamalarına, zaman-zaman mediada əksini tapan faktlara əsaslanmışdıq. “Veysəloğlu” Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələrə məsul şəxsini tapmadığımız üçün yazı ilə bağlı sorğu verib cavab ala bilməmişdik. Qurumun rəsmi saytında göstərilən e-mail ünvana göndərdiyimiz sorğuya isə hələ də cavab verilməyib. Şirkət bizlə əlaqə saxlamadan – qeyri-rəsmi təmasları, peşəkarlıqdan uzaq təklifləri çıxmaq şərtilə – birbaşa məhkəməyə üz tutub. Aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək təmsil etdiyim saytın cərimələnməsini tələb edib. Əlavə olaraq da dərc olunan yazının saytdan silinməsini, təkzib verilməsini istəyib. Lakin şirkətin hüquqşünasları iddialarında “KİV haqqında” Azərbaycan Respublikasının qanununa istinad etsələr də, qanundakı iddia müddəti ilə bağlı müddəanı unudublar. Belə ki, sözügedən qanunla yazı dərc olunduqdan sonra bir ay müddətində qarşı tərəf təkzib üçün müraciət edə, yaxud birbaşa məhkəməyə müraciət edə bilər. Bu halda qarşı tərəf heç birini etməyib, yazı dərc olunduqda bir ay bir gün sonra məhkəməyə müraciət edib”.
S.Qafarovun sözlərinə görə, işə Sabunçu Rayon Məhkəməsinin hakimi Adilə Paşayeva baxıb. Məhkəmə baxışı zamanı iddia müddəti ilə bağlı vəsadət verilsə də, hakim qəbul etməyib: “Adilə Paşayevaya bildirdim ki, biz “KİV haqqında” qanunla fəaliyyət göstəririk, yazı dərci ilə bağlı iddialar həmin qanunla qaldırılır və təmin edilir. Buna görə də orada göstərilən iddia müddəti bitib. Lakin hakim xanım bildirdi ki, bu, mülki məsələdir, mülki prosessual qanunvericiliklə tənzimlənməlidir. Hətta Adilə Paşayeva belə bir ifadə işlətdi ki, “KİV haqqında” qanun balaca bir büroşurdur, qərar çıxaranda ona istinad edə bilməz. Halbuki bundan əvvəl Nizami Rayon Məhkəməsində haqqımızda daxil olan iddiaya baxılarkən iddia müddəti ilə bağlı vəsadətimiz dərhal qəbul olunmuş, biz mühakimə edilməmişdik. Bu zaman da məhz “KİV haqqında” qanuna istinad edilmişdi”.

Baş redaktorun sözlərinə görə, A.Paşayeva qarşı tərəfin iddiasını qismən təmin etsə də, yenə də ədalətsiz qərar çıxarıb:

“Qərarda göstərir ki, yazı silinməlidir. Harda görünüb ki, KİV-də dərc edilən yazı silinsin? Material yazılı KİV-də dərc olunmuş olsaydı, hakim xanım nə qərar çıxaracaqdı? Vərəqlərin cırılması ilə bağlı? Gülməli qərardır. Qarşı tərəfin təkzib verməklə bağlı iddiası da təmin edilib, lakin mən hüquqlarımızı sonadək qoruyacam. Apelyasiya Məhkəməsinə müraciət edəcəm və iddia müddətinin ötməsi səbəbindən bu işə xitam veriləcək. Ümid edirəm ki, Apelyasiya Məhkəməsində ölkənin rəsmi qanununa büroşür deyən hakimlə üz-üzə qalmayacam”.