Azərbaycanlı bir qrup hakim namizədi Türkiyə Ədliyyə Akademiyasında təşkil olunan ongünlük təlimlərdə iştirak edəcək.
Yeniçağ.Az xəbər verir ki, TİKA-nın təşkilatçılığı ilə bu gün Ədliyyə Akademiyasında hakim namizədləri ilə görüş keçirilib. Görüşdə TİKA-nın Azərbaycandakı rəhbəri Adəm Urfa və səfir Erkan Özoral da iştirak edib.
Akademiyanın prorektoru Elçin Xələfov, ötən illərdə də azərbaycanlı hakim namizədlərinin bu təlimlərdə iştirak etdiyini qeyd edib. Bu il isə ölkəmizdən bu təlimlərə 64 hakim namizədi qatılacaq.
Görüşdə Adəm Urfa TİKA-nın Azərbaycanda həyata keçirtdiyi layihələr haqqında məlumat verib və bildirib ki, bütün sahələrdə olduğu kimi hüquq sahəsində də iki ölkə arasında əməkdaşlıq uğurla davam etdirilir.
Səfir Erkan Özoral isə Atatürkün “Ədalət mülkün təməlidir” ifadəsini xatırladaraq məhkəmə prosesində düzgün hökmün verilməsinin əhəmiyyətindən danışıb.
Yeniçağ.Az