İyunun 9-da Dövlət İmtahan Mərkəzi Hakimlərin Seçki Komitəsi ilə birgə hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
Dövlət İmtahan Mərkəzindən Yenicag.az-a verilən xəbərə görə, imtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunub.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 367 nəfərdən 4 nəfər imtahana gəlməyib. 173 nəfər 60 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 11 və 12 iyun tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Ünvan: Bakı şəhəri, Akad. H.Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək.