“Bütün hallarda ölkədaxili siyasi rəqabət özlüyündə ciddi məsələlərə əsaslanmalıdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə postkarantin dönəmində siyasi proseslərin mümkün inkişaf dinamikasını şərh edən politoloq Qabil Hüseynli deyib.
Qabil Hüseynlinin sözlərinə görə, karantin rejimi götürüldükdən sonra ölkədə kəskin siyasi fəallığın yaranacağı gözlənilmir:
“Koronavirus epidemiyası tam aradan qalxdıqdan sonra ölkədə siyasi aktivliyin kəskin dəyişəcəyini gözləmirəm. Yəqin ki müxalifətin radikal cinahı yenə mitinq keçirilməsi üçün müraciət edəcək, hökumət də aksiyanın Lökbatanda təşkil olunmasına icazə verəcək. İndiki vəziyyətdə müxalifətin mitinqdən başqa daha hansı variantlarının olub-olmadığını bilmirəm.
Eyni zamanda, yeni dönəmdə müxalifətin müxtəlif ideyalar, təkliflər irəli sürərək, özünü hökumətə real alternativ kimi göstərməyə çalışması da mümkündür. Bu zaman siyasi mübarizə artıq intellektual müstəviyə keçə bilər.
Müxalifət hökumətin fəaliyyətindəki tənqidi məqamları intellektual formada əsaslandıra bilərsə, siyasi rəqabət fərqli çalar alacaq. Bununla belə, ölkədə genişmiqyaslı siyasi mübarizənin olacağını zənn etmirəm.
Bildiyiniz kimi, hakimiyyət daha iki siyasi təşkilatı – Sülhəddin Əkbərin Azad Demokratlar və Musa Ağayevin Yeni Zaman partiyalarını qeydə aldı. Beləliklə, ölkədə rəsmi qeydiyyatdan keçən partiyaların sayı 56-ya çatdı. Amma bütün hallarda ölkədaxili siyasi rəqabət özlüyündə ciddi məsələlərə əsaslanmalıdır. Bu, olmasa, siyasi mübarizənin kəskinləşəcəyini gözləməyə dəyməz”.
Səxavət Məmməd