“Son dövrlərdə beynəlxalq təşkilatların Azərbaycanda demokratiyanın inkişafına yönəlik diqqəti azalıb”.
Bu fikirləri son aylarda ölkədə hakimiyyət və müxalifət nümayəndələri arasında hər hansı səviyyədə görüşlərin təşkil olunmamasının səbəblərinə toxunan Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, mövcud durumda hakimiyyət artıq hətta hesabat xatirinə belə müxalifətlə görüşə ehtiyac görmür:
“Hakimiyyətlə müxalifət arasında dialoqa o zaman ehtiyac olur ki, proseslərin inkişafında hakimiyyətə əks siyasi qüvvələrin də rəyi nəzərə alınır. O şəraitdə hakimiyyətdə olan siyasi qüvvə də müxalifətlə müntəzəm görüşür, məsləhətləşir.
Amma Azərbaycanda uzun illər ərzində formalaşmış şəraitdə buna heç vaxt ehtiyac olmayıb. Əgər əvvəllər belə görüşlər baş veribsə də, o danışıqlar yalnız hesabat xarakteri daşıyıb. Yəni o görüşlər ya Avropa Şurası, ya da başqa beynəlxalq qurum qarşısında götürülmüş öhdəliklər səbəbindən keçirilib.
Son dövrlərdə isə beynəlxalq təşkilatların Azərbaycanda demokratiyanın inkişafına yönəlik diqqəti azalıb. Bu səbəbdən hakimiyyət artıq hətta hesabat xatirinə belə müxalifətlə görüşə ehtiyac görmür. İkinci Qarabağ müharibəsindən əvvəl ölkədə milli birliyə ehtiyac vardı və o şəraitdə ölkədə fəaliyyət göstərən bütün partiyaların həmrəyliyi qələbənin təmin olunmasında mühüm rol oynamışdı.
Ona görə də həmin dövrdə hakimiyyətin müxalifətlə təmaslara başlaması başadüşülən idi. Lakin hazırda elə bir situasiya yaranıb ki, hakimiyyətin müxalifətin fikir və təkliflərini dinləməyə ehtiyacı qalmayıb”.
A.Zeynalov