“Hakimiyyətin və müxalifətin sağlam düşünən kəsimlərinin mövqeləri üst-üstə düşdü” – Partiya sədri

“Ölkə üçün son dərəcə həssas bir vaxtda hakimiyyət müxalifətlə dialoqun bərpası istiqamətində addım atmalıdır”.


Bu fikirləri Yenicag.az-a açıqlamasında məlum Gəncə hadisələri fonunda ölkənin siyasi qüvvələrinin çoxdan müşahidə olunmayan həmrəylik sərgiləmələrini dəyərləndirən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.

VİP sədrinin fikrincə, Gəncə hadisələrinin obyektiv araşdırılması üçün cəmiyyətin bütün seqmentlərinin iştirakı ilə təhqiqat komissiyasının yaradılmasına ehtiyac var:
“Xüsusilə, iyulun 3-dən sonra Gəncədə cərəyan edən proseslər narahatlıq doğurmaya bilməz. Gəncənin icra başçısına sui-qəsdin ardınca hadisələrin inkişafı bu narahatlığın yersiz olmadığını göstərdi.

Fikrimcə, Gəncədə ayın 10-da etiraz aksiyasının təşkili ilə əlaqədar sosial şəbəkələrdə aparılan təbliğata baxmayaraq, həmin gün iki polis zabitinin qətlinə, bir neçəsinin yaralanmasına, o cümlədən, çox sayda nümayişçinin həbsinə səbəb olan gedişatın qarşısının alınması üçün effektli addımlar atılmadı.

Əminəm ki, dünyanın yenidən bölüşdürülməsi məsələləsinin qlobal masaya yatırıldığı bir dönəmdə Gəncədə baş verən olayların xarici səbəbləri də var. Daxili və xarici amillərin, maraqların çulğalaşması nəticəsində Azərbaycanda sabitliyin pozulmasına yönəlik təşəbbüslər ortaya gətirilir.

İndiki ərəfədə hakimiyyətin və müxalifətin sağlam düşünən kəsimlərinin mövqelərinin üst-üstə düşməsində təəccüb doğuracaq heç nə yoxdur. Bunu təbii qarşılamaq lazımdır.

Bu tendensiyanın davamlı olub-olmaması isə hakimiyyətdən asılıdır. Təəssüf ki, hakimiyyət əks mövqeli siyasi qüvvələr arasında müəyyən ortaq nöqtələrin tapılması və mövqelərin uzlaşdırılması istiqamətində addımlar atmağa tələsmir.

Mən Gəncə hadisələrinin araşdırılması üçün hüquq-mühafizə orqanlarının təmsilçiləri ilə yanaşı, siyasi partiyaların, ictimai qurumların, cəmiyyətin digər seqmentlərinin iştirakı ilə bir təhqiqat komissiyasının yaradılması təklifini irəli sürmüşəm.

Eyni zamanda, hakimiyyətin ölkə üçün son dərəcə həssas bir vaxtda müxalifətlə dialoqun bərpası istiqamətində addım atmasının vacibliyini düşünürəm. Çünki bu dövlət hamımızındır və qarşıya çıxan çətinliklərin həlli təmaslardan, müzakirələrdən keçir. Bunun üçün təşəbbüs də hakimiyyətdən gəlməlidir”.

A.Zeynalov

COP29