“Halal” sertifikatı ilə bağlı TƏKLİF: “İndiyədək verilənlərin hamısı ləğv edilməlidir”

 

“Bu vaxta kimi verilmiş saxta “halal” standartları ləğv ediməli, yenidən müəssisələrdə monitorinqlər keçirilməlidir və inancı olan insanların aldadılmasının qarşısı alınmalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında istehsal olunan mallara “halal” sertifikatının verilməsi barədə danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, Qafqaz Müsəlmanlar İdarəsi də illər boyu bu işlərin içində yer alıb.

“2013-cü ildə Türkiyədə beynəlxalq konfrans keçirildi. Azad İstehlakçılar Birliyinin sədri olaraq mən də həmin tədbirdə iştirak etdim. Ümumiyyətlə, həmin konfransda bir çox məsələ müzakirə edildi. O cümlədən, dünyanın 53 ölkəsindən müxtəlif din alimləri və qida üzrə mütəxəssislər iştirak edirdilər. Lakin ət və ət məhsullarına qarışdırılan qatqıların mənbəyi barədə məsələləri araşdırmaq çox çətin oldu. Məlumdur ki, bir çox malların istehsalında qida əlavələri istifadə olunur. Onların çeşidləri 3 mindən artıqdır. Bunların əldə olunma mənbələrinin izlənməsi məsələsi sual altında qaldı”, – deyə o bildirib.

E.Hüseynov qeyd edib ki, illər boyu Azərbaycanda “halal” sertifikatı vermək adı ilə müxtəlif xarici və yerli MMC-lər fəaliyyət göstərib.

“Qafqaz Müsəlmanlar İdarəsi də illər boyu bu işlərin içində yer alıb. 8 il bundan öncə Azad İstehlakçılar Birliyi məsələ qaldıraraq bu sahədə şəffaflıq yaradılması məsələsini ortaya qoydu. Kollegial olaraq, KİV-lərin iştirakı ilə şəffaf heç bir müqavilə olmadan ictimai əsaslarla 5 müəssisəyə “halal” sertifikatının müəyyən monitorinqlərdən sonra verilməsinə nail olduq”, – deyə o əlavə edib.

O deyib ki, ölkədə “Halal” MMC də mövcuddur.

“Onun laborotoriyaları, müəyyən mütəxəssisləri də var. Lakin ondan sonra məsələ yenə də dayandırıldı və son il yarımda İqtisadiyyat Nazirliyi yanında Standartlaşdırma İnstitutunda yenidən “halal” standartın yaradılması məsələsinə toxunuldu. Bu standart Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi olan zaman qəbul edilmişdi. Bu məsələdə mən də iştirak edərək, təkliflərimi vermişəm. Biz təkliflər vermişdik ki, bu standartlarda Onurğasızların, zürafə qoşadırnaqlı gövşəyəndir, onun əti halaldırmı, ya deyilmi məsələsi qoyulmuşdu. Daha sonra təklif edildi ki, “halal” standartlarla mal istehsal edilən müəssisədə onlayn izləmə sistemi olsun və müxtəlif inanca sahib olan insanlar oranı izləyə bilsin. Halal mal istehsal edən müəssisənin bank kredit borcu olmamalıdır. Çünki İslam qaydalarında kredit məsələsi halal hesab olunmur. Lakin bunlar çox təəssüf ki, nəzərə alınmadı”, – deyə o vurğulayıb.

Mütəxəssis qeyd edib ki, ölkəmizdə bir çox müəssisə xaricə – müsəlman ölkələrinə mal çıxarmaq istəyir:

“Ona görə də bu standartlar zəruridir. Dediyim kimi, illərdir rüşvət naminə verilmiş standartların ləğvi çox zəruridir. Düşünürəm ki, adı çəkilən dövlət qurumu, eləcə də AQTA bu vaxta kimi verilmiş saxta “halal” standartları ləğv etməli, yenidən müəssisələrdə monitorinqlər keçirilməlidir və inancı olan insanların aldadılması qarşısı alınmalıdır. Bu standartların verilməsində mütləq şəkildə KİV-lər, ictimai təşkilatlar, mütəxəssislər iştirak etməlidir”.

İsmayıl Bakuvi