“Hansı yolda avtobuslar tıxacda qala bilir, onların hərəkətinə digər yol hərəkəti iştirakçıları mane olursa, həmin yollara avtobus zolaqlarının çəkilməsinə ehtiyac var”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında avtobus zolaqlarının çəkilməsinin önəmi barədə danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.
Onun sözlərinə görə, avtobus zolaqlarının çəkilməsində əsas məqsəd ictimai nəqliyyatın avtobus seqmentinin sərbəst hərəkətinin təmin etməkdir ki, sərnişinlər rahatlıqla, vaxt itkisi olmadan bir nöqtədən digərinə hərəkət edə bilsinlər.
“Bu zolaqların bir əhəmiyyəti də var ki, burada avtobus sürücüləri məcbur olaraq yolun sağı ilə hərəkət edirlər ki, digər yol hərəkəti iştirakçılarına mane olmasınlar. Əlbəttə, avtobus zolağı hər yolda çəkilməməlidir. Hansı yolda avtobuslar tıxacda qala bilir, onların hərəkətinə digər yol hərəkəti iştirakçıları mane olursa, həmin yollara avtobus zolaqlarının çəkilməsinə ehtiyac var. Yaxşı olar ki, avtobus sürücüləri öz zolaqları ilə hərəkət etsin. Amma burada bəzi məqamlar olur ki, avtobus sola, yaxud da geriyə dönməli olur. Bu zaman öz zolağından çıxa bilər. Bu avtobus sürücülərinin qayda pozuntusu kimi qiymətləndirilməməlidir. Buna görə avtobus sürücülərinə cərimə tətbiq etmək də düzgün olmaz”, – deyə o əlavə edib.
E.Cəfərov qeyd edib ki, burada əsas məqsəd hazırda ictimai nəqliyyatdan istifadə edən insanların vaxtı-vaxtında işə gedib-gəlmələrini tənzimləməkdir:
“Bu bir az vaxt aparan proses olsa da, zamanla düzələcək. Müşahidə edirəm ki, avtobus zolaqlarının çəkilməsi müəyyən yerlərdə eksperiment xarakterli olur, zolaqlar çəkilir və daha sonradan orada dəyişikliklər olunur. Bu normaldır. Amma elə olmalıdır ki, bütün yol hərəkəti iştirakçılarının hərəkəti tam sərbəst olsun. Ehtiyac olmayan yerlərdə əgər avtobus sərbəst hərəkət edirsə, orada zolağa ehtiyac yoxdur”.
İsmayıl Bakuvi