“Hansısa yaramaz bir məmur…” – İlham Əliyev icra başçılarından danışdı

Son illərdə şəhər nəqliyyatı ilə bağlı böyük işlər görülüb. Yeni, çox komfortlu avtobuslar gətirilib və yeni avtobusların gətirilməsi nəzərdə tutulur. Bakı Nəqliyyat Agentliyi yaradılıb və bu sahədə pərakəndəliyi aradan qaldırmaq üçün struktur islahatları aparılıb. Bu gün Bakı Nəqliyyat Agentliyi şəhərin nəqliyyat sisteminə cavabdehlik daşıyan yeganə qurumdur. Bu agentliklə sıx əlaqədə işləyən bütün digər dövlət qurumları ona kömək göstərməlidir. Çünki bu sahədə də bir çox pozuntulara yol verilib”.

Yenicag.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı dövlət vəsaiti hesabına tikilən parkinqlərin boş olduğunu bildirib:

“Parkinqlərin yanında maşınlar qanunsuz dayanıb və heç kim də onlara demir ki, sən maşını niyə burada – parkinqlə üzbəüz saxlayırsan? Nədir ki parkinqə gedib maşını saxlamaq ya əziyyətdir, ya da ki, pul vermək istəmir. Bəlkə də qanunsuz olaraq az pul verib maşını burada saxlayır. Belə olan halda biz şəhər nəqliyyatını necə tənzimləyək?! Dayanacağın yerində binalar tikirlər. Məndə o şəkillər var. Mən müşavirə keçirmişdim, çox ciddi tapşırıq vermişdim və ciddi iradlar bildirmişdim. Rayon icra hakimiyyətləri dayanacağın yerini zəbt edir, hasarlayır, o yeri satır və demək olar ki, şəhər nəqliyyatını iflic vəziyyətə salırlar. O səhvləri buraxan məmurlar işdən qovulub. Ancaq mən deyirəm ki, şəhər nəqliyyatı hamımız üçün rahat bir nəqliyyat olmalıdır. Şəhərsalma qaydaları elə qoyulmalıdır ki, şəhər nəqliyyatına əngəl törətməsin, əksinə, buna kömək göstərsin. Azərbaycanın əhalisi artır, Bakı böyüyür. Qonşu ölkələrdən fərqli olaraq bizim əhalimiz müstəqillik dövründə 7 milyondan 10 milyona çatıb. Bu artım müqabilində biz gələcəkdə necə hərəkət edəcəyik? Biz insanların saatlarla tıxaclarda əziyyət çəkdikləri böyük meqapolislərin vəziyyətinə düşmək istəmirik. Biz burada yeni damarlar, yeni yollar açırıq. Amma hansısa yaramaz bir məmur pul naminə o yeri satır, orada da qanunsuz bina tikirlər. Sonra da dövlət həmin binanın sökülməsi üçün böyük vəsait, kompensasiya verməlidir ki, qanunsuz tikən oradan çıxsın və yol açılsın. Ona görə çox ciddi tapşırıq verirəm, dövlət orqanları nəticə çıxarsınlar.

Əlbəttə ki, iqtisadi islahatları dərinləşdirmək üçün biz sahibkarlardan böyük fəaliyyət gözləyirik. Dövlət sahibkarlığın inkişafına böyük dəstək verir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara 2,2 milyard manat güzəştli kreditlər verilib. Ancaq bu kreditlər hesabına ölkəmizdə 163 min yeni iş yeri yaradılıb. Bu il də 170 milyon manat güzəştli şərtlərlə kreditlərin verilməsi nəzərdə tutulur. Onun böyük hissəsi artıq altı ayda verilib. Qalan hissə də veriləcək. Eyni zamanda, sahibkarlara metodiki tövsiyələr, məsləhətlər verilir. Biz xaricdə ticarət evlərinin açılması ilə sahibkarlara şərait yaradırıq ki, onlar öz ixrac imkanlarını genişləndirsinlər. Deyə bilərəm ki, bu gün Azərbaycan dövləti qeyri-neft məhsullarının ixracının artırılmasına sahibkarlardan daha çox çalışır. Sahibkarlar bir qədər passivdirlər. Elə bil maraqlı deyillər ki, xarici bazarlara çıxsınlar. Ona görə, dövlət bütün bu işləri öz üzərinə götürüb. Mənim tapşırığımla bir çox sərgilər, təqdimatlar keçirilir, ticarət evləri açılır. Bu proses çox geniş vüsət alacaq. İndi bir neçə ticarət evi açılıb. Məncə, Azərbaycanın xaricdə onlarla ticarət evi açılmalıdır. Sahibkarlar da bu işlərdə fəal iştirak etsinlər, xüsusilə, ixracla bağlı öz səylərini artırsınlar”.