Azərbaycanda may ayında düşən yağıntının miqdarı normadan artıq olub. İyun ayından isə havanın temperaturu yüksəlib. İsti hava əsasən paytaxt Bakıda və cənub bölgəsində müşahidə edilir. Bəzi bölgələrdə isə bunun əksinə olaraq bir neçə gündür qeyri-sabit hava şəraiti hökm sürür.
Zaqatala, Goranboy, Gəncə, İsmayıllı və digər rayonlara yağan yağış nəticəsində çaylara sel gəlib, sel suları bir sıra fəsadlar törədib. O cümlədən, düşən dolu və sel suları bostan məhsullarına, meyvə ağaclarına zərər vurub.
Bu cür havanın kənd təsərrüfatı məhsullarına, bostan bitkilərinə təsiri necə olacaq? İnsanları qıtlıq gözləyirmi?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli deyib ki, bölgələrdəki hava şəraiti məhsulların yetişməsini ləngidir:
“Hazırda kənd təsərrüfatı məhsullarının mövsümüdür. Bir aydır müşahidə edilən dəyişkən, yağıntılı, əlverişsiz hava şəraiti temperaturun aşağı olması səbəbindən kənd təsərrüfatı məhsullarının yetişməsinə mane olur. Sel gələn, dolu düşən ərazilərdə isə bostan və tərəvəz bitkiləri məhv olur. Yəni yağıntılı və soyuq hava şəraiti bostan və tərəvəz bitkilərinin yetişdirməsini gecikdirir, digər tərəfdən, bir çoxunu da məhv edir. Hara dolu düşübsə, hara sel gəlibsə, orada bostan bitkiləri məhv olub gedir”.
O bildirib ki, bu hal kənd təsərrüfatı məhsullarının bolluğuna müəyyən təsir göstərir:
“İlkin proqnozlara görə, bu il kənd təsərrüfatı məhsulları bol olacaq. Hesab edirəm ki, müəyyən qədər geciksə də, bolluq özünü göstərəcək. Dolu olan, sel olan ərazilərdə məhv olan təsərrüfat hesabına qıtlığın yaranmasını düşünmürəm. Bu, kütləvi şəkildə deyil və müəyyən qədər təsirə malik olsa da, qıtlıq yaratmayacaq”.