Bakıda iki gündür aralıqsız davam edən yağışlar vətəndaşlara çətinlik yaradıb. Belə ki, bi çox yerdə su gölməçələri yaranıb, tunellər su ilə dolub, ən əsası yollarda tıxac, həmçinin ictimai nəqliyyat vasitələrində sıxlıq müşahidə olunur. Bu vəziyyətdə ən çox əziyyət çəkən isə uşaqlardır. Belə olan halda əksər valideyn övladını dərsə yollamaqdan imtina edir.
Maraqlıdır, bu kimi hallarda dərslər təxirə salına və ya onlayn qaydada keçirilə bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, hava şəraitinə görə dərslərin təxirə salınması və ya alternativ təhsil üsullarına keçid müasir təhsil sistemlərinin çevikliyi baxımından vacib bir addımdır.
Ekspertin sözlərinə görə, xüsusilə yağışlı və qarlı havalarda, şəhər daxilində hərəkətin ciddi şəkildə məhdudlaşdığı hallarda məktəblərə onlayn təhsilə keçmək üçün səlahiyyət verilməlidir:
“Bəzi dağlıq ərazilərdə bu hava şəraiti adi hal olduğu üçün orada hərəkət mümkündür Lakin bugün Bakıda yağışlı hava səbəbindən davamiyyət çox aşağıdır, lakin dərslər ənənəvi şəkildə keçirilir. Belə şəraitdə məktəblərə çevik qərar alma səlahiyyəti verilməli və alternativ təhsil modelləri tətbiq olunmalıdır. Bu, həm şagirdlərin, həm də müəllimlərin təhlükəsizliyini təmin edəcək və təhsilin keyfiyyətini qoruyacaq”.
K.Əsədov qeyd edib ki, xarici ölkələrdə bu yanaşma tətbiq edilir:
“Finlandiya və Kanada kimi ölkələrdə hava şəraitinin pis olduğu günlərdə məktəblər onlayn dərslərə keçid edərək təhsilin davamlılığını təmin edirlər. Belə yanaşma, şagirdlərin dərs itirməməsi və eyni zamanda təhlükəsizliyin qorunması baxımından olduqca effektivdir”.