“Havanın qəfil dəyişməsi insanlarda əsəbilik və narahatlıq yaradır, tənhalıqdan qorxma hisslərini artırır”.
Bu fikirləri dəyişkən hava şəraitinin insan psixologiyasına təsiri haqda danışan psixoloq Gülər Məmmədova Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, hava şəraiti hər bir insanın psixologiyasına fərdi təsir göstərir:
“Hava şəraiti kəskin dəyişərkən, sinir sistemi problemindən əziyyət çəkən, yəni nevroz deyilən problemlə üzləşən insanlarda əhval-ruhiyyə aşağı düşür. Hava tutulanda, günəş işığı olmayanda, insanların bir qismi gərginlik və narahatlıq keçirir.
Ümumiyyətlə, hava tutqun olanda, belə insanların daxilində də tutqunluq yaranır. Mənfi hava şəraiti, havanın çox soyuq, yaxud da isti olması insanların fəaliyyətini məhdudlaşdırdığı üçün əhvalı da birbaşa olaraq aşağı salır.
Havanın qəfil dəyişməsi insanlarda əsəbilik, narahatlıq və həssaslığa səbəb olur, həmçinin kövrəklik və tənhalıqdan qorxma hisslərini artırır. Havanın günəşli olması isə belə insanların psixi durumuna müsbət təsir göstərir.
Bir çox insanlar isə əksinə, aydın havaları sevmirlər, məhz buna görə də havanın dəyişməsi hər bir fərdin psixologiyasına fərdi təsir edir. Həmçinin qeyd edim ki, mənfi hava şəraiti, az günəşli və yağışlı mühit depressiyanın yaranmasına səbəb ola bilər”.
Nuray Məmmədzadə