“Hazırda heç bir QHT-yə qarşı cinayət təqibi yoxdur”

img1708367Əliməmməd Nuriyev: “Hansı təşkilatlara qrant verildiyi beynəlxalq təşkilatlar tərəfindən gizli saxlanılır”

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasında təmsil olunan Qeyri-Hökumət Təşkilatlarının (QHT) bank hesablarından həbs götürülüb. Qərar yalnız quruma daxil olan təşkilatlarla bağlıdır. 
Bu barədə “Yeni Müsavat”a danışan “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının koordinatoru Əliməmməd Nuriyev QHT-lərə Dövlət Dəstəyi Şurasının bu istiqamətdə işlərin aparılması barədə göstəriş verdiyini söylədi: “Koalisiya müəyyən problemlərlə üzləşmişdi. Cənab prezidentin bununla bağlı göstərişləri olmuşdu. Bu amil QHT-lərlə bağlı problemlərin aradan qaldırılmasını zəruri etmişdi.
 
8 təşkilatın hesabında həbs olmuşdu. Əvvəl 6 təşkilat deyilsə də, sonradan məlum olmuşdu ki, say çoxdur. Üzərinə həbs qoyulan təşkilatların artıq üzərindən bu qərar götürülüb.
 
Əminlikdə deyə bilərəm ki, koalisiyamıza daxil olan təşkilatlardan heç birinin üzərində artıq bu qərar yoxdur. Əgər əlavə problemlər ortaya çıxarsa, bununla bağlı məlumatlar verərik. Digər QHT-lərlə bağlı da belə qərarlar verilib. Ümumilikdə QHT-lərlə bağlı 12 məhkəmə qərarı olmuşdu. Başqa bir istiqamət cinayət işinin dayandırılması ilə bağlıdır. Heç bir təşkilata qarşı cinayət işi yoxdur. Bəzi təşkilatların alınan sənədləri də geri qaytarılıb. Belə fikirlər var ki, təşkilatda yoxlama zamanı ləvazimatlar müsadirə olunub. Belə bir hal yoxdur. Götürülən hər şey geriyə qaytarılıb. Bir fakt da ondan ibarətdir ki, hazırda heç bir QHT-yə qarşı cinayət təqibi yoxdur. Heç kəs də cinayət məsuliyyətinə cəlb olunmayıb. Yalnız Demokratik Təsisatlar və İnsan Haqları İctimai Birliyinin sədri Elçin Abdullayevin təşkilatı ilə bağlı proses gedirdi. O da artıq dayandırılıb. Bəzi şəxslərin sərhəd yoxlamalarına məruz qaldıqları deyilirdi. Onlar üzərindən də bu yoxlama götürülüb. Vergi borcları ilə bağlı deyə bilərəm ki, bütün vergi borcları dayandırılıb. Belə fikirlər səsləndirilir ki, borclarımızın üzərinə faizlər gəlir. Əgər kiminsə vergi borcu varsa, avtomatik hesablanır. İndiyə qədər bu vergi borclarının alınması ilə bağlı heç bir təşkilata qarşı aktivlik müşahidə olunmayıb. Söhbət təmsilçisi olduğum koalisiyadan gedir. Onların ölkədən çıxışlarına qadağa qoyulmayıb, vergi borcları əmlaklarına yönəlməyib. Bu istiqamətdə olan bəzi fikirlər yanlışdır”.
Ə.Nuriyev vətəndaş cəmiyyətləri ilə dialoqların olması ilə bağlı da fikirlərə münasibət bildirdi: “Belə dialoqlar daimi olur. İctimai müzakirələr keçirilir. Təəssüflər olsun ki, bu istiqamətdə xoşagəlməz fikirlər səslənir. Hazırda QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən vətəndaş cəmiyyətinin durumu ilə bağlı hesabat hazırlanır. 2010-15-ci illəri əhatə edir. Buraya nüfuzlu təşkilatların ekspertləri cəlb olunub. Hazırda vətəndaş cəmiyyətini narahat edən məsələlərin həlli ilə bağlı xüsusi iradə var. Dövlət başçısının bununla bağlı qətiyyətli iradəsi var. Təəssüf edirəm ki, elə təşkilatlar var, ölkədə vətəndaş cəmiyyəti daxilində gərginlik yaratmaqla məşğuldurlar. Çünki onlar daimi olaraq xaricdən qeyri-leqal yolla vəsaitlər alırlar. Onlara vəziyyətin gərginləşməsi sərf edir. Çünki hesabat vermək istəmirlər. Vətəndaş cəmiyyətinin həbsdə olan fəalları var. Onların bir qismi azad olunub. Bu proses davamlı olacaq. Koalisiyamıza üzv olan şəxslərdən Asif Yusifli var ki, o, hazırda həbsdədir, 7 il müddətində azadlıqdan məhrum edilib. Onun azad edilməsi ilə bağlı xahişlər etmişik. Fuad Qəhrəmanlı ilə bağlı da müraciətlərimiz var. Həmçinin Oqtay Gülalıyevə qarşı olan cinayət işi ilə bağlı işlərimiz var. Sadəcəb ümumi proseduralar var ki, vaxt tələb edir. Xarici donorların qeydiyyatı ilə bağlı da problemlərin olduğu deyilir. Doğrudur, bu məsələ çətinləşib. Bunun sadələşdirilməsi istiqamətində çalışırıq. Bu istiqamətdə bundan sonra fəaliyyətimiz daha intensivləşəcək. Bu məsələ də sürətli şəkildə həll olunacaq”.
Koalisiyanın koordinatoru 2014-15-ci illərdə Azərbaycana yönəlik 2 milyon qrant verildiyini açıqladı: “Qrant alan həmin təşkilatlarla bağlı açıq informasiya yoxdur. 2 milyon məbləğində qrantlar kimə verilib, özü də hansı yolla, məlum deyil. Ümumi istiqamətlər məlumdur. Hansı təşkilatlara qrant verildiyi beynəlxalq təşkilatlar tərəfindən gizli saxlanılır. Bununla bağlı açıqlama vermirlər. Qanunvericilik istiqamətində atılacaq addımlar gələcəkdə belə halların qarşısının alınmasına da imkan verəcək. Bugünlərdə vətəndaş cəmiyyətinin fəaliyyətinin artırılması istiqamətində böyük işlər görülür. Aparılan islahatlar bu sahəni tam əhatə edir. Düşünürəm ki, vətəndaş cəmiyyətinin fəaliyyətində siyasi məqsəd olmamalıdır. Vətəndaş cəmiyyətini siyasi partiyalara aid etmək mümkün olmur. Bütün proseslər şəffaf olmalıdır”. /Musavat.com
COP29