“HDQ-nin yenilənməsi üçün Müdafiə Nazirliyi ilə ölkə rəhbərliyi yeni layihə reallaşdırmalıdır. Bu layihənin ümumi dəyəri 1-2 milyard arasındadır”.
Bu fikirləri Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin (HDQ) hazırkı vəziyyəti, güc balansını qorumaq üçün atılmalı olan addımları şərh edən hərbi ekspert Ramil Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.
Ramil Məmmədli bildirib ki, Hərbi Dəniz Qüvvələrinin balansındakı gəmilər müasir standartlardan çox uzaqdır:
“Azərbaycanın dənizdən mühafizəsinin və müdafiəsinin təşkili ilə bağlı strategiya artıq uzun illərdir hazırdır. Bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilib. Bu tədbirlərin fundamental səviyyədə reallaşdırılması üçün daha vacib məqamlara ehtiyac var.
Azərbaycan Hərbi Dəniz Qüvvələri tamamilə yenilənməlidir. Müasir standartlara cavab verən raket artileriya gəmiləri, həmçinin sürətli boat tipli (35-40 metr uzunluğunda olan) gəmilər, yüksək sürətli desant qayıqları ilə HDQ təmin edilməlidir. Bir məqama diqqət yetirmək lazımdır ki, HDQ-nin balansında olan döyüş gəmilərinin yaşı SSRİ dövrünün 70-80-ci illərinə dayanır. Bu isə o deməkdir ki, həmin gəmilər 60-cı illərin elmi nəzəri bazası əsasında hazırlanıb.
Müasir texnologiyaları, yeni raketləri, artilleriya qurğularını köhnə gəmilərə inteqrasiya etmək mümkün deyil. Olsa belə, həmin gəmidə onların effektiv istifadəsi ciddi problemlər yarada bilər.
90-cı illərin sonraları 2000-ci illərin əvvəlində Azərbaycan Müdafiə Nazirliyi dünyanın bir sıra şirkətləri ilə bu sahədə müəyyən danışıqlara başladı. Səfər Əbiyevin müdafiə naziri olduğu dövrdə Türkiyənin bir şirkəti ilə bir neçə döyüş gəmisinin alınmasına dair ilkin razılıq əldə olunmuşdu. Lakin Avropa ölkələrindən birinin məsələyə embarqo tətbiq etməsi gəmilərin Azərbaycana satışının qarşısını aldı. Məsələ ondadır ki, həmin hərbi gəmilərin mühərriki Qərbi Avropa ölkələrindən birinin istehsalı idi. Belə olan təqdirdə, əldə olan gəmilərin modernləşdirilməsi layihəsi həyata keçirilməyə çalışıldı. Ancaq köhnə gəmilərin modernləşdirilməsində problemlər ortaya çıxdığına görə proses dayandı.
Baxmayaraq ki, SSRİ dağılanda HDQ-nin ən böyük gəmi parkı Azərbaycana qalmışdı. İndi artıq o qədər gəmini saxlamağa ehtiyac yoxdur. 10-15 raket-artilleriya gəmisinin və o sayda digər gəmilərin olması Azərbaycanın Xəzər dənizində üstünlüyünü saxlaya bilər. İran, Türkmənistan bu istiqamətdə ciddi layihələr həyata keçirib. Qazaxıstan özünün Zenit Aral Gəmi təmiri zavodunu gəmi inşası zavodu həddinə çatdırıb. Rusiyadan danışmaq artıqdır. Rusiyanın Xəzərdə yerləşən gəmilərindən Ukraynanın dərinliyində yerləşən mövqeləri rahatlıqla vurulur. Bu artıq Rusiyanın Xəzərdəki hərbi gəmi parkının hansı səviyyədə olmasını ortaya qoyur.
Azərbaycanın yeni hərbi gəmi parkı formalaşdırılmalıdır. Bu uzunmüddətli layihədir. Müqavilə bu gün imzalanırsa, bir il sonra o gəminin dənizə buraxılması demək deyil. Buna illər sərf olunur. Bu gün imzalanan müqavilə 5 il ərzində bir neçə gəminin dənizə buraxılması ilə nəticələnə bilər.
Hazırda Azərbaycanda HDQ-nin yenilənməsində iştirak etmək istəyən bir neçə şirkət var. Hollandiyanın “DAMEN”, Fransanın “Naval” Group, Türkiyənin “Dearsan Shipyard” və Çinin “Poly Technologies” şirkətləri HDQ-nin gəmi parkının yenilənməsi yönündə niyyətlərini ortaya qoyublar. Öz məhsullarının təqdimatını ediblər. Ancaq Azərbaycan HDQ-nin yenilənməsi həm də siyasi məsələdir. Etiraf etmək lazımdır ki, Xəzər hövzəsində yerləşən iri ölkələrin, xüsusilə Rusiyanın mövqeyi əsasdır. ABŞ Azərbaycan üçün hərbi gəmi inşa edə bilməz. Türkiyənin “Dearsan Shipyard” şirkətinin sahibi Əziz Yıldırımdır. Onun adı bir çox qalmaqallarda hallanıb. Tender keçirilən zaman Əziz Yıldırımın şirkətinin udma ehtimalı o qədər yüksək deyil. Ukraynadakı müharibə Hollandiya və Fransa şirkətləri ilə əməkdaşlığa da maneə yaradır. İsrail şirkətləri də bu məsələdə aktiv olmağa çalışır.
Düşünürəm ki, ən uyğun variant Azərbaycanın hərbi gəmi təmiri zavodunu yeniləməsi, yaxud gəmi inşası zavodunun tikintisinib reallaşdırılmasıdır. Bu məsələdə dünyanın tanınmış şirkətləri ilə əməkdaşlıq etmək olar. Əks təqdirdə, böyük pullar xərclənəcək”.
Səxavət Məmməd