Ötən ilin avqustunda həbs edilən jurnalist İlqar Atabəylinin cinayət işinin ibtidai istintaqı başa çatıb. İş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə Reportyor.info-ya İlqar Atabəylinin vəkili Mehman Muradlı bildirib.
İlqar Atabəyli Cinayət Məcəlləsinin 182.2.1 (Hədə-qorxu ilə tələb etmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə – təkrar törədildikdə) maddələri ilə ittiham olunur.
İttiham aktında qeyd olunur ki, İlqar Atabəyli Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışan Ağamalıyeva Mirvari Ağamalı qızının və rayon icra hakimiyyətinin digər vəzifəli şəxsləri haqqında hörmətdən salan rüsvayedici məlumatları video çarxlar formasında «Xəbər kanalı» səhifəsində yayaraq video çarxların silinməsi müqabilində Mirvari Ağamalıyevadan 4000 manat pul tələb edib.
Vəkil Mehman Muradlı isə İlqar Atabəylinin təqsirsiz olduğunu deyir. Onun sözlərinə görə, istintaq dövründə işə xitam verilməsi ilə bağlı vəsatət qaldırsa da, təmin olunmayıb. “İstintaq zamanı İlqar Atabəylinin kimisə şantaj etməsi, hədə-qorxu gələrək pul tələb etməsi barədə sübut yoxdur. Mirvari Ağamalıyevadan tələb olunan məbləği Elçin Tağıyev adlı şəxs gətirib. Lakin pulu İlqar Atabəyliyə verməyib. Bu fakt istintaq zamanı Elçin Tağıyevlə İlqar Atabəylinin üzləöşməsi zamanı da təsdiqini tapıb. Buna baxmayaraq, İlqar Atabəyli həbsdə saxlanılır”, – deyə Mehman Muradlı bildirib.
Vəkil məhkəmənin hazırlıq iclasında da işə xitam verilməsi ilə bağlı vəsatət qaldırıb: “Lakin vəsatətə baxılmadı. Səbəb kimi isə onu göstərdilər ki, guya mən prosessual pozuntuya yol vermişəm, vəsatəti hazırlıq iclasında təqdim etmişəm. Halbuki burada hər hansı pozuntu yoxdur, həmin vəsatətə baxıla bilərdi və baxılmalı idi”.
Mehman Muradlı qeyd edib ki, işin Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi də qanunsuzdur: “İlkin olaraq iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi. Lakin orada prosesə rəhbərlik edən hakim özü özündən imtina etdi. Səbəb kimi isə onun digər təqsirləndirilən şəxs Sənan Abdullayevlə şəxsi münasibətlərinin olmasını göstərdi. Bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev qərardad qəbul edərək işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərdi. Bu isə qanunsuzdur. Çünki Gəncə Ağır Cinayətlər Məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasında deyil”.
İlqar Atabəylinin bir qrup həmkarı da hesab edir ki, o, təqsirsizdir. Onlar həmkarlarının günahsız yerə həbs edilməsinə etiraz olaraq Goranboy Rayon İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçirməyi planlaşdırırlar.