Həbs sırası Hacıbala Abutalıbova çatır: Keçmiş merin həbsxanaya yolu “açılır”

Ölkədə daha bir yüksək vəzifə tutmuş sabiq məmurun həbs olunması üçün şərait sürətlə yetişir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə tutduğu vəzifədən azad edildikdən az sonra mətbuatda onun qurduğu geniş biznes şəbəkəsi və malik olduğu əmlakın siyahısı yayımlanıb. İddia olunur ki, həmin siyahı Əhməd Əhmədzadənin ümumi mülkiyyətinin sadəcə, kiçik hissəsini əhatə edir. Bu isə o deməkdir ki, Əhməd Əhmədzadənin vəzifədə olduğu zaman sahibləndiyi əmlakın real sıyahısı qat-qat sanballıdır.

Qeyd olunur ki, Əhmədzadəyə məxsus otel və mülklərin əksəriyyəti onun doğulduğu Qax rayonunun ərazisindədir. Sabiq məmur Qax rayonunu demək olar, başdan-başa özəlləşdirib.

Lakin Əhməd Əhmədzadə Qaxı öz biznesinin “mərkəzi zona”sına çevirən tək yüksək çinli məmur olmayıb. Məlumata görə, Bakının sabiq meri, baş nazirin keçmiş müavini Hacıbala Abutalıbovun da Qaxda çox sayda mülkü var. Bununla bağlı sızan xəbərlərə əsasən, Abutalıbov “xırdaçılıq” etməyərək, Qaxın Ağçay kəndini tamamilə özününküləşdirib. Həm də sabiq mer yalnız özünü deyil, qohum-əqrəbasını da düşünərək onlara da Qaxın müxtəlif ərazilərində dəbdəbəli villalar tikdirib.

Ancaq Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılması ilə Hacıbala Abutalıbovun yaratdığı analoqsuz komfortun “başı” üstünü qara buludlar alıb. Qeyd edək ki, Rasim Quliyev BŞİH-nin keçmiş başçısı Hacıbala Abutalıbovun əmri ilə öncə meriyanın ərazi idarəetmə şöbəsinin müdiri, daha sonra Aparat rəhbəri təyin olunub.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) əsas media ruporlarından sayılan “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin qardaşı olan Rasim Quliyev barəsində Cinayət Məcəlləsinin 314-2.3-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Başqa sözlə, Rasim Quliyevin həbsi “içəri” salınacağı zaman-zaman gündəmə gələn Hacıbala Abutalıbovun ətrafındakı həlqənin daralması anlamında başa düşülür. Bakının keşmiş rəhbəri hər nə qədər biznesinin olduğunu inkar etməyə çalışsa da, əslində, onun yetərincə böyük sərvət sahibi olduğu haqda məlumatların ardı-arası kəsilmir.

Yaxşı, Hacıbala Abutalıbovun ətrafındakı həlqə niyə daralır?

Nəzərə almaq lazımdır ki, Rasim Quliyev vəzifədə işlədiyi müddətdə Hacıbala Abutalıbovun “sağ əli” sayılır, bütün işləri məhz sabiq merin əmri və göstərişi ilə yerinə yetirirdi. Heç şübhəsiz ki, Rasim Quliyev istintaqda əmrləri istisnasız olaraq, Hacıbala Abutalıbovdan aldığını etiraf edəcək. Bu isə o deməkdir ki, həmin etiraflar sayəsində həbs növbəsi Hacıbala Abutalıbova çatacaq. O baxımdan, keçmiş merin nəhayət “içəri” göndəriləcəyi artıq zaman məsələsi kimi görünür…

COP29