Həbsdə olan sabiq müstəntiqin cəzası azaldıldı

Bakı Apellyasiya Məhkəməsində rüşvət almaqda təqsirləndirilən, Bakı şəhər Prokurorluğunun sabiq böyük müstəntiqi Müşfiq Abbasovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi şikayətə baxılıb.

Yenicag.az xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, Müşfiq Abbasovun şikayəti qismən təmin olunub və onun cəzası 4 il 3 aya endirilib.

Qeyd edək ki, Müşfiq Abbasov 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Müşfiq Abbasov bundan əvvəl də məhkum olunub. Səbail Rayon Məhkəməsinin 6 dekabr 2017-ci il tarixli hökmü ilə dələduzluq, vəzifə səlahiyyətlərini aşma cinayətlərini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Ona Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilməklə 3 il sınaq müddəti ilə həmin cəzaya şərti məhkum edilib.