Səbail Rayon Məhkəməsində əməkdar artist Röya Ayxanın həmkarı, əməkdar artist Aygün Bəylərə qarşı iddiası əsasında məhkəmə iclası başa çatıb.
Hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə R.Ayxanın iddiasının rədd edilməsi barədə qərar çıxarıb.
Yenicag.az-a açıqlama verən Aygün Bəylərin prodüseri Sultan Mustafayevin xəbərə reaksiyası belə olub:
“Haqq-ədalət yerini tutdu. İnanırdım ki, belə olacaq. Əslində Aygün Röyanı təhqir etməmişdi. Röya sadəcə özünü göstərmək istədi və məhkəməyə müraciət etdi. Aygün Bəylər böyük sənətkardır və hər zaman xalq tərəfindən sevilib. Röya heç nə edə bilmədi. Ölkəmizdə qanunlar yaxşı işləyir”.
Qeyd edək ki, R.Ayxan iddia ərizəsində yazıb ki, A.Bəylər ARB televiziyasına müsahibəsində onun şərəf və ləyaqətini təhqir edib. Buna görə də R.Ayxan Səbail Rayon Məhkəməsinə müraciət edərək müğənni həmkarını məhkəməyə verib. O, həmkarından mənəvi ziyana görə 50 min manat təzminat və mətbuat vasitəsilə səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməsini tələb edib.
Qarşı tərəfin mövqeyini öyrənmək üçün Röya Ayxanın yaxın dostu Kənan Bayramovla əlaqə saxladıq, ancaq o bu haqda danışmaq istəmədiyini bildirdi.
Xatırladaq ki, A.Bəylər ARB televiziyasının “Səhər-səhər” verilişində R.Ayxanın sənəti ilə bağlı sərt ifadələr səsləndirib.
Qeyd edək ki, xəbəri “Report” yayıb.
Cəvahir