!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

HƏCC ziyarəti: Hər bir insanın görmək istədiyi məkanlar – REPORTAJ

!Reklam – Yazi

111Müqəddəs Həcc ziyarəti davam edir.Dünyanın müxtəlif yerlərindən Məkkəyə – o müqəddəs torpaqlara gələn və Allah yolunu seçən zəvvarlar ardıcıllıqla ibadətlərini edir, ruh yüksəkliyi ilə dinimizdən irəli gələn tələbləri əməli yerinə yetirirlər.Odur ki, gördüklərimi, eşitdiyimi və sözlə ifadə olunmayacaq hisslərimi bölüşməyi özümə borc bildim,təəssüratlarımı silsilə yazılar şəkilində təqdim etməyi düşündüm.Fikrimcə, bu mübarək duyğuları bölüşməklə özümüz üçün mənəvi təskinlik taparıq.
YÜKSƏK SƏVİYYƏLİ TƏŞKİLATÇILIQ

Öncə Həcc ziyarətinin təşkilinə toxunmaq istərdim. Bildirim ki, Səudiyyə Ərəbistanına məxsus təyyarəyə mindiyimiz andan Həcclə bağlı bizə lazımi məlumatlar verildi, salonda səsləndirilən duaları birlikdə təkrar etməyimizi bidirdilər.Hava limanina eniş edən andan isə zəvvarlar üçün xüsusi qarşılanma metodu seçildi.Hava limanının əməkdaşlarının gülərüz personalının göstərdiyi xidmət isə bizlərə yolun uzunluğunu unutdurdu.Bu arada təhlükəsizlik məsələlərinin ən yüksək səviyyədə təşkili, ayrı-ayrı qruplar tərəfindən qonaqların mehmanxanalarda sərbəst yerləşdirilməsi, onların dini mərkəzlərə ən müasir avtobuslarla aparılması və digər xidmətlər də diqqətimizi çəkdi.

Qısa zaman ərzində sənədləşmə yekunlaşdıqdan sonra gid-qrupun üzvləri ilə Ciddə şəhərində bizlər üçün ayrılmış mehmanxanaya istiqamət aldıq.Yol yorğunluğumuzu nəzərə alan Səudiyyə rəsmiləri ekstra bir neçə gün verdi.Nəzərdən qaçmayan məqamlardan biri də bu ölkənin Mədəniyyət və informasiya nazirliyinin problemlərimizi anındaca həll etməsiydi.

MEDİANIN DİQQƏTİ

Səfərimizin üçüncü günündə dünyanın müxtəlif ölkələrinin nüfuzlu media nümayəndələri zəvvarların məskunlaşdığı mehmanxanalara təşrif buyurdular. KİV təmsilçiləri ilə görüşdən sonra nazirliyin yüksək ranqlı rəsmiləri qonaqlara Həcc ziyarətinin mahiyyəti barədə geniş məlumat verdilər.Diqqətə çatdırım ki, həmin şəxslərin xüsusi göstərişindən sonra və mikat öncəsi bütün zəvvarlara ehram paylanıldı.

Keçid almaq istərdim yaşamaq istədiyim hisslərin reallaşdığı anların təfsilatına…Müqəddəs torpaqlara ilk səfərimiz şəhərlər şəhəri Mədinəyə oldu.Mehmanxanaya çatar-çatmaz səslənən azan sədalarının təsirindən əsl şok effekti yaşadım. Ətrafımdakı onlarla, yüzlərlə insan işlərini yarımçıq buraxaraq, bəlli səmtə axın etməyə başladılar.Hündürmərtəbəli, nəhəng mehmanxanaların önündən keçərək insan selinə qoşulub məscidə getməyə başladıq. Həmin zaman şəhərin ahəngi, gözəlliyi insanları valeh edirdi.Yolun müəyyən kəsmində qarşımıza möhtəşəm məscid çıxdı. Bu məkan Məhəmməd Peyğəmbərimizin (s.ə.s) dəfn edildiyi Məscidül-Nəbi idi.Xatırladım ki, bu yer Məkkədə yerləşən Məscidül-Həramdan sonra ikinci müqəddəs məscid hesab olunur. Məscidi-Nəbəvi Hicrətdən sonra Mədinədə Məhəmməd ibn Abdullah ilə əshabı tərəfindən inşa edilib.Məscidin nəhəngliyi, geniş ərazidə yerləşməsi, mərmər və qızıl örtüklərdən ibarət olması göz qamaşdırır.10 minarədən ibarət məscidin hər bir minarəsinin hündürlüyü 105 metrə çatır.

MƏSCİDDƏ 650 MİN MÜSƏLMAN

Deməli, məscidin daxilində ilk namazımızı qılmağı qərarlaşdırsaq da, gördüklərimiz yanılıdığımzı göstərdi – müqəddəs məkan tamamən dolmuşdu, boş yer tapmaq müşkül məsələyə çevrildi. 650 min müsəlmanın eyni vaxta namaz qıldığı məscidin ikinci mərətəbəsinə qalxmalı olduq. Üst mərtəbə nağıllar aləminə, tamamən möcüzəli bir tikiliyə bənzəyirdi.Geniş ərazisi, istidən qorunmaq üçün xüsusi çətrləri və təbii ki, Zəm-Zəm suyu çənləri…Məsciddə dəfn olunan Məhəmməd Peyğəmbərin (s.ə.s) məzarı ətrafı isə bir saniyə belə boşalmırdı insan axından. Dünyanın müxtəlif ölkələrindən ziyarətə gələn zəvvarlar Peyğəmbərimizin (s.ə.s), Onunla (s.ə.s) yanaşı dəfn edilən Həzrəti Ömər və Həzrəti Osmanın ruhuna dualar edir, rəhmət oxuyurdular

YADDAŞLARDA YAŞAYAN QƏHRƏMANLIQ

Mədinədə növbəti səfərimiz isə müqəddəs məkan olan və Uhud döyüşünün baş tutduğu ərazi, həmçinin islam dünyasının cəngavəri sayılan Həzrəti Həmzə ibn Əbdülmütəllibin məzarı idi.Burada olduğumuz vaxt gözlərimin önündə Məhəmməd Peyğəmbəri (s.ə.s) haqqında çəkilən film canlandı. Oxçuların qərarlaşdığı təpələrdə dayanmaqla, Uhud döyüşünü, Həzrəti Həmzənin qəhrəmancasına mübarizəsini səhnələrdə yaddaşımızda yaşadıq. İslam dinin yayılmasında, Məhəmməd Peyğəmbərin (s.ə.s) düşmənlərdən qorunmasında böyük xidmətləri olan Həzrəti Həmzə üçün dualarımızı etdik və sonra Məscidi Qibletayn məscidini ziyarət etdik.Sözügedən məscid haqqında kiçik məlumatı xatırlatmağım, fikrimcə, doğru olardı.Məlumdur ki, islamın ilk dövrlərində müsəlmanlar namaz qılarkən üzlərini Qüdsə – buradakı Beytül Müqəddəs məscidinə çevrirdilər.Məscid müsəlmanların ilk qibləsi idi. Hicrətdən 18 ay keçəndən sonra Peyğəmbərə (s.ə.s) vəhy gəldi: “İndi üzünü Məscidül-hərama tərəf çevir. Ey müsəlmanlar! Harada olsanız, üzünüzü namaz vaxtı oraya döndərin” (Bəqərə, 144). Həzrət Mühəmməd Peyğəmbərə (s.ə.s) bu ayə nazil olanda O (s.ə.s) Məscidi Qibletayn məscidində camaatla günorta namazının ikinci rükətini bitirmək üzrə idi. Ayə nazil olan kimi o həzrət üzünü Məkkəyə sarı çevirib namazın ardını həmin istiqamətə qıldı. O biri müsəlmanlar da Ona (s.ə.s) iqtida edib, yeni qibləyə sarı döndülər. Bundan sonra Bəni-Sələmə məscidini “ikiqibləli məscid” adlandırmağa başladılar. Hazırki dövrdə də bu məscidə gələn müsəlmanlar ilk olaraq iki rükət namazı üzü Al-Aksaya, digər iki rükətini isə Kəbəyə doğru qılırlar.

Mədinənin digər incisi isə Məscidi Qubaadır.Bu məscid Həzrəti Peyğəmbərin (s.ə.s) Məkkədən Mədinəyə hicrət etməsindən sonra şəxsən tikintisində iştirak etdiyi və ilk cümə namazının qılındığı məsciddir. Məscidin təhlükəsizliyi üçün yüzlərlə polis ayrılıb. Təmizlik yüksək səviyyədə təmin olunmaqla yanaşı namaz qılmağa gələn ziyarətçilərə pulsuz olaraq xurma paylanılır.

KƏBƏ SEVGİSİ

Beləliklə, Mədinə səfərimizi yekunlaşdırıb ALLAHın evi sayılan Məkkəyə istiqamət alırıq…Yolda Əbyar Əli-Məscidi Miqatda ehramımızı geyinib, “Labbayka Allaahumma labbayk, labbayka laa shareeka laka labbayk. Inna al-hamd wa’l-ni’mata laka wa’l-mulk, laa shareeka lak” duasını edirik. Səudiyyə Ərəbistanı rəhbərliyi milyonlarla insanın bu şəhərə axın etməsini nəzərə alıb pulsuz avtobuslar təşkil edib. Avtobuslar Kəbənin yaxınlığına zəvvarları düşürüb onların geri dönməsini gözləyirlər. Kəbə – hər bir müsəlmanın deməzdim, hər bir insanın görmək arzusunda olduğu yer!..Göydələnlərin arasında yerləşən Allahın evi və müqəddəs Qara daş. Və Kəbə istiqamətində olan yolların və meydanın bahalı mərmərlərdən ibarət olması. İsti havadan insanları qorumaq üçün hər bir sütüna nəhəng su pərlərli yerləşdirilib. Cərgələrlə Kəbəyə doğru yol alan insanları isə polis və təhlükəsizlik qüvvələri istiqamətləndirir. Kəbə ilk gördükdə isə insanların sevinc göz yaşları, ucadan Allahu- Əkbər çığırışları insanın içində sanki 12 ballıq zəlzələ hissləri yaradır. Kəbə ətrafında təvaf edən müsəlmanların təhlükəsizliyi ən yüksək səviyyədə qorunur.

Zəvvarların çoxluğundan halsızlaşan insanlara ətrafda keşik çəkən təcili tibbi yardım maşınları anındaca yardım edir. 7 dəfə təvaf edən müsəlmanlar Zəm-Zəm suyu içdikdən sonra Təvaf namazı qılır. Namazdan sonra isə vaxt itirmədən yaxınlıqda yerləşən Səfa və Mərvaya istiqamətlənən müsəlmanlar 7 dəfə bu yolu qət edərək, dini mərasimlərini yerinə yetirirlər. Umrə səfərini yekunlaşdıran müsəlman dünyası Umrədən daha vacib sayılan Həcc ziyarətini gözləməyə başlayır. Artıq bir neçə gündən sonra Həcc günləri başlayacaq. Milyonlarla insanın Məkkəyə- Kəbəyə axını başlayacaq. Milyonlarla insanın Kəbə sevgisi sevinc göz yaşları ilə əvəz olunacaq.

ALLAH BÜTÜN MÜSƏLMANLARA BU ANI YAŞAMAĞI NƏSIB ETSIN!

www.yenicag.az

621
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv