Həcc ziyarətində dünyasını dəyişən azərbaycanlı zəvvar sabah Məkkədə dəfn olunacaq.
Bu barədə sentyabrın 25-də Məkkədə dünyasını dəyişən zəvvar, 1957-ci il təvəllüdlü Kəklik Aslanovanın həyat yoldaşı Elçin Aslanov məlumat verib. E. Aslanov bildirib ki, Kəklik Aslanovanın təzyiqi qəflətən aşağı düşüb və həkimlərin səyi nəticə verməyib: “Bədəni dözmədi, komaya düşdü. Əvvəlcə çalışdıq özümüz ayıldaq, ayılmadı. Sonra təcili yardımla xəstəxanaya apardıq. Orda baxıb analiz elədilər, dedilər qanda sidik turşusu artıb, o da böyrəklərə təsir edib. Böyrəklərin fəaliyyəti zəifləyib və o, koma vəziyyətinə düşüb”.
E. Aslanov onu da əlavə edib ki, K. Aslanova sentyabrın 27-də elə müqəddəs torpaqda dəfn olunacaq. Orada mərhum zəvvarın 3 və 7 mərasimləri təşkil ediləcək.
APA Kəklik Aslanovanın Həcc ziyarəti zamanı çəkilmiş fotolarını da əldə edib.
Qeyd edək ki, bu il Həcc zamanı iki azərbaycanlı dünyasını dəyişib.