Maqazin proqramlarından birinə baxıram, illərdir efir üzünə həsrət qalan, belə deyim də, “sonradan görən” bir müğənnicik açıqlama verir ki, mənim sənətim var, sənətim olan yerdə qalmaqala ehtiyacım yoxdur, heç vaxt da qalmaqal etmərəm.
Heç saniyə çəkmir ha, başlayır qalmaqal etməyə. Ad çəkmədən həmkarlarının ünvanına sərt fikirlər səsləndirir ki, ay nə bilim, “döymə taxta qapımı, döyərəm dəmir qapını”, “keçmişini nə tez unutdun, xalq yaxşı bilir bu sənətə hansı yollarla gəlmisən, ağzımı açdırma, səni el işində rüsvay edərəm” kimi ittihamlarla müğənnilərə ultimatum göndərir, onları “ağ yuyub, qara sərir”. Ürəyimdə gülürəm ki, ay “öz gözündə tir görməyib, başqalarının gözündə tük axtaran” “sənətkar”, bəs bayaqdan sənətdən dəm vururdun. Deyirdin, ay sənətim belə, sənətkarlığım elə, qarşımda heç kim duruş gətirə bilməz, sənətdə hamıya doqquz qoyaram, zad… Nə oldu bəs? Sənətin varsa, elə sənətdən danış da… Niyə ona-buna qarmaq atıb, ilişirsən, “ay millət, mən də varam” deyib, boy göstərməyə çalışırsan.
Sənət olmayandan sonra göstərməyə başqa heç nə yoxdur axı. Ona görə də məcbursan, ona-buna “söz toxuyasan”, asıb-kəsəsən. Deyirsən, hamı kimi soyunub, bədənimi göstərmirəm, əndamımı çöldə qoymuram. Hə, burada bir “stop” eləsən, yaxşı olar. O əndam səndə olsaydı, çoxdan göstərərdin, heç özünə əziyyət verib, onu-bunu təhqir də etməzdin. Məsələ burasındadır ki, sənət bir qırağa, heç göstərməyə “fiquran” da yoxdur. Amma hələ təzəsən, yəqin özünü tutandan sonra bədənini də sıfırdan yığdıracaqsan. Bədənini “şəkilləndirəndən” sonra bir həci tapıb, özünü “super ulduz” kimi göstərəcəksən. Təqdimat da aparıcılara düşəcək. Sənətkarların yanında səni sənətkar kimi tərif yağışına tutub, Azərbaycan musiqisinin “dahisi” kimi vəsf edəcəklər.
Yəni tanınmaq taktikasından yaxşı xəbərdarsan. Sənətin “se”sindən xəbərin yoxdur, amma sələflərindən yaxşı gör-götür edə bilmisən. Elə ona görə də sənət bu gündədir. Necə deyərlər, ağası gülüm olanın, başına külüm olar.