Həftəsonu işləməyən nəqliyyatın yaratdığı PROBLEMLƏR: “Bu, yoluxmanı artırır” – Tibbi ekspertdən XƏBƏRDARLIQ

“Nəqliyyat vasitələrinin düzgün tənzimlənməməsi yoluxma hallarını artırır”.

Bu sözləri son günlər Azərbaycanda COVID-19-a yoluxma sayında müşahidə olunan artımın mümkün səbəblərini dəyərləndirən tibb eksperti Rasif Bağırov Yenicag.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, mövcud vəziyyətdə insanlar koronavirusa laqeyd yanaşırlar.

“Əgər qarşıdakı aylarda vaksin vurduran şəxslərdə də yoluxma baş verərsə, say olduqca aşağı olacaq. Bu, əslində yaxşı nəticədir. Yoluxma sayının artmasının əsas səbəblərindən biri ictimai nəqliyyat və istənilən kütləvi məkanlarda əhalinin təxminən 93%-nin qaydalara əməl etməməsi və maskasız gəzməsidir. Vətəndaşlarımızın əksəriyyəti qaydalara məhz kütləvi yoluxma halları yaşananda əməl etməyə başlayır.

Bununla yanaşı, ictimai nəqliyyatın fəaliyyətində tətbiq olunan məhdudiyyət yoluxmaların artmasına səbəb olur. Məsələn, hər həftəsonu küçədə avtomobil sıxlığı daha çox müşahidə olunur. Çünki ictimai nəqliyyat işləmədiyinə görə taksi xidməti göstərən maşınlar yollarda olur. Taksidə olan üç-dörd sərnişinin sıx şəkildə oturması yoluxma halına təsir edir”.

Yoluxma sayının artması fonunda karantin rejiminin sərtləşdirilməsi ehtimalına da toxunan Rasif Bağırov qeyd edib ki, qabaqlayıcı işlər görülməsə və yoluxma sayı daha da artarsa, bu halda sərt karantin rejimi tətbiq oluna bilər:

“Sərt karantin rejiminin tətbiqi üçün müəyyən edilmiş yoluxma sayı var. Əgər yoluxma sayı kütləvi hala keçirsə, bu halda karantin qaydaları sərtləşdirilir. Bu gün qabaqlayıcı tədbir kimi vətəndaşlar üzərindəki nəzarət gücləndirilərsə, yoluxma sayındakı artımın qarşısını almaq olar”.

Gülşən Şərif