Həftəsonu məhdudiyyətinin gətirəcəyi “TÖHFƏ”: “Sahibkarlar yenə borcla yüklənəcək” – Mövqe

“Ticarət və kommersiya obyektləri şənbə-bazar günləri işləməyəcəkdisə, onların açılması ilə bağlı qərar kimə lazım idi?”

Yenicag.az xəbər verir ki, bu fikirləri həftəsonu karantin rejiminin sərtləşdirilməsinin mümkün nəticələrinə münasibət bildirən “Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib.

Ramil Osmanlıya görə, karantin rejimi ilə bağlı qəbul olunan bir sıra qaydalar təzadlı yanaşmaya səbəb olub:

“Pandemiyanın ağırlıq dərəcəsi artıq hər bir evdə hiss olunmağa başlayıb. Ümumilikdə koronavirus pandemiyasının yaratdığı şərait fonunda qəbul olunan bir sıra qərarların mahiyyəti düşündürücüdür.

Məsələn, əhalinin böyük hissəsinin paytaxtdan rayonlara buraxılmaması haqda qərar hələ də qüvvədədir. Ticarət və kommersiya obyektləri şənbə-bazar günləri işləməyəcəkdisə, onların açılması ilə bağlı qərar kimə lazım idi?

Həftəarası işləməyən sahibkarlar icarə borcuna görə yüklənəcək və bu, əlavə problemlər yaradacaq. Tibbi maska taxılmamasına görə cərimələrin tətbiqi kimi inzibati tədbirlərin görülməsi ilə yanaşı, apteklərdə monitorinqlər aparmaq lazımdır.

Çünki bir çox apteklərdə ucuz maskalar artıq yoxa çıxıb. Əvəzində 5 manat və daha baha qiymətə tibbi maska təklifi artıb. Təəssüf ki, sosial-siyasət qurumları “Babam bic idi kündələri sayardı, nənəm ondan da bic idi, kündədən kəsərdi” siyasəti aparır”.

Gülşən Şərif