Doğum günlərində həmişə kövrələrdi. Bəlkə də bu, taleyin bir işarəsi idi, bu dünyanı vaxtsız tərk edəcəyi ürəyinə danmışdı. Ona görə doğum günlərində uşaq kimi gözləri dolurdu. Bunu özü də dəfələrlə müsahibələrində qeyd edirdi. Amma səbəbini demirdi. Bu gün biz də onu – mərhum xalq artisti Telman Adıgözəlovu kövrələrək yad edirik.
Telman Adıgözəlov dramatik rolların da öhdəsindən məharətlə gələ bilən bir akytor gücünə malik idi. Amma nədənsə rejissorlar onu daha çox komik obrazlara dəvət edirdilər. Yumor hissi ilə dolu olan, hər zaman insanlara gülüş bəxş edən aktyor daxilində yaşadığı kədəri, acıları gizlətməyi bacarırdı. Səhnədə oynadığı obrazlardan tamamilə fərqlənirdi. “Ağrılarını, acılarını gizlədirdi” kəlməsini elə-belə işlətmədim. Telman Adıgözəlov uzun müddət ürək ağrılarından əziyyət çəkirdi. Amma bunu heç kimə demirdi. Yalnız ölümünə sayılı günlər qaldığı vaxtlarda ürəyinin ağrıdığını sənət dostlarına demişdi. Həkimə getməyi isə heç sevməzdi. Həkim fobiyası var idi, elə buna görədir ki, dişlərini belə düzəltdirməyə ehtiyat edirdi.
Ağrıyan ürək, həyatda onu sıxan maddi və mənəvi problemlər bir gün həyatına son qoydu. Elə ölümü də qəfil oldu. Toydan gələn aktyor yatmaq üçün öz otağına çəkildi. Xırıltı səsini eşidib, otağa keçən qızı atasının cansız bədəni ilə qarşılaşdı. Xasiyyətcə sakit, heç kimi incitməyi sevməyən, ağrıları ilə başqalarını yükləməyi özünə rəva görməyən aktyor elə bu dünyadan da səssiz-səmirsiz, qəfildən, heç kimi incitməyərək köç etdi.
Amma gedən cisimləridir, aktyorlar əbədi yaşayır. Səhnədə, kinoda, tamaşalarda yaratdığı obrazları ilə əbədi olaraq sevənlərinin ürəyinə köç edirlər. Telman Adıgözəlov da ölümündən sonra əbədi ömürlə taclandırılan şəxslərdən biridir. Yetər ki, onları heç vaxt yaddan çıxarmayaq.
Cəvahir