Vasif İsmayıl: “Hamımız bir çox şeyi bilirik, amma nədənsə, hamısını tətbiq edə bilmirik”
ATU-nun Onkologiya kafedrasının əməkdaşı, t.ü.f.d., Dr. Vasif İsmayıl Azərbaycanda ilk dəfə fəaliyyətə başlayan həkimlər üçün təlim mərkəzindən danışdı.
Bu günlərdə sizin Sağlamlıq Strategiyası Təlim Mərkəzində özünüzü təlimçi kimi təqdim edəcəyinizi öyrəndik. Müəyyən bir sahədə uğur qazanmaq üçün bir professional məsləhətçiyə, bəzən təlimçi və ya koça (ing. coaching) mütləq ehtiyac vardır. Etiraf edək ki, Azərbaycanda tibb sahəsində təkmilləşmə daha çox fərdi ehtiyacdan doğur. Bəli, ixtisas artırmaq üçün icbari sistem mövcud olsa da, o bugünki tələblərə tam olaraq cavab vermir və anladığım qədər, fəaliyyət profilinizdəki yenilik bu sistem üçün gözəl bir alternativ ola bilər?
Mütləq olacaqdır. Özümü xatırladığım uşaqlıq vaxtlarımdan etibarən elə hey nəyi isə öyrənirəm. Yeni məlumatlar almaq, onları təhlil edərək tətbiq etmək, hələ bunun meyvələrini dadmaq mənə zövq verir. Artıq müəyyən bilikləri də sistemləşdirincə insan özü də müəyyən nəticələrə gəlir – bir növ həyata yeni baxış qazanır.
Universitetdən, kitablardan öyrəndiklərimin yanında məni qabağa itələyən biliklərin bir qismini digər insanlardan aldığımı fərq etdim. Biz, bəzi müəllimlərimizi çox sevir və həmişə xatırlayırıq. Fikir verin – o müəllimlərimiz həyatımızda bir növ təlimçi kimi yol göstərən insanlardır. Onları digərlərindən ayıran məhz əlimizdən tutub bizi hara isə aparmaqları, öz işlərinə qoyduqları enerji ilə bizi də alışdırmaqlarıdır. Mənim gözümdə təlimçi bilikləri sıralayaraq insana danışan deyil, yeni həyata baxış tərzi qazandırandır.
Təliminiz: “ Xərçəngin müalicə və profilatikası zamanı qida faktorlarının tətbiqi ” adlanır. Onkologiya kafedrasının əməkdaşı olaraq xərçəng mövzusunu anlamaq olar, bəs qidalanma? Nə üçün müəllif təliminiz üçün məhz bu əlaqəni araşdırmaq qərarına gəldiz?
Çox maraqlı mövzudur. Təlimlərdə peşəkar insanlar, həkimlər iştirak edəcək. Onların özü üçün də xərçəngdən qorunmağın yollarını bilmək maraqlı olmazmı? Digər insanlara yardım etmək vərdişləri qazanarkən, bir də özü üçün yeni bir bacarıq qazanmaq necə də gözəl olmalıdır. Mən özüm onkologiya sahəsində işlədiyim üçün bu mövzu ilə əlaqədar çox oxuyur və xəstə görürəm. Qarşılaşdığım insanların sayəsində bəzi nəticələrə gəldim: onkoloji xəstəlik girdabından qurtulmağa çətinlik çəkənlərin müəyyən ortaq xüsusiyyətləri vardır. Halbuki, bu problemi nisbətən asan həll edən insanlar tamamilə başqa sahədə yenə də bir-birlərinə bənzəyirlər.
Davranış və qidalanma vərdişlərinin buna bilavasitə təsiri vardır. Bu mövzu həkimlərin özlərinə də, onların pasientlərinə də faydalı olacaqdır.
Doktor, hər sahədə olduğu kimi, tibbdə də eksklüziv informasiya qısa zamanda əlçatan olur, internet resursları ən son yeniliklərdən xəbər tutmaq imkanı yaradır. Nəzərə alsaq ki, iştirak etdiyiniz layihə özəl bir layihədir və kolleqalarınızı buraya cəlb etmək, təklif etdiyiniz xidməti doğrultmaq üçün nə kimi orijinal bilgilərlə bölüşəcəksiniz?
Sizə kiçik bir sirr verim: məlumatı almaq kifayət deyil. Onu tətbiq etmə qaydalarını bilmək lazımdır. Bilmək bir yana, tətbiq etmək lazımdır. Bunu necə edəcəklər?
Hamımız bir çox şeyi bilirik, amma nədənsə hamısını tətbiq edə bilmirik. Təlimlərimiz nəticəsində həkimlərimiz özləri təlimçi kimi yetişəcəklər.
Bu təlimləri gələcəyə qoyulan sərmayə kimi qəbul etmək olarmı? Və həkimin qazancı nə olacaq?
Həkimlərimiz həm öz həyatlarına çəki-düzən verəcək, həm də xəstələrinə daha çox fayda verə biləcəklər.
Ümumiyyətlə, “mən pasientlərimə, həyatımdakı hər kəsə daha da faydalı bir şəxs oluram” deyə fərəhlənəcəklər.
Sizcə Azərbaycanda həkimlər bunu necə qarşılayacaqlar?
Yavaş-yavaş daha çox tələb etməyə başlayacaqlar. İlk getdiyim təlimlərdən sonra həyatımın necə dəyişdiyini çox yaxşı xatırlayıram. O vaxtdan daha çox şeyləri istəməyə başladım.
Sizin üçün bu fəaliyyət bir ilkdir. Təlimçi olmaq sizin üçün şansdır, yoxsa artıq məqam yetişib və bu qaçılmazdır?
Qət etdiyimiz yolun məntiqi nəticəsidir.