Həlak olan polis serjantı Mirəli Heydərov Kürdəmirdə dəfn edilib – YENİLƏNDİ

Axtarışda olan şəxsin saxlanılması üçün Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsində keçirilən əməliyyat zamanı həlak olan polis serjantı Mirəli Heydərovla Kürdəmirdə keçirilən vida mərasimi başa çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, polis əməkdaşı Kürdəmir rayonunun Cəyli kəndin qəbiristanlığında dəfn edilib.

Dəfn mərasimində M.Heydərovun doğmaları, Kürdəmir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bu gün həlak olan digər polis əməkdaşları – kapitanı Eldəniz Məmmədov Bakıxanov qəsəbə qəbiristanlığında, serjant Mahir Ağayev isə Binə qəsəbə qəbiristanlığında dəfn olunub.

***

Axtarışda olan şəxsin saxlanılması üçün Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsində keçirilən əməliyyat zamanı həlak olan polis serjantı Mirəli Heydərovun cənazəsi Kürdəmir rayonuna gətirilib.

“Report”un yerli bürosu xəbər verir ki, hazırda Kürdəmir rayonunun Cəyli kəndində Mirəli Heydərovla vida mərasimi keçirilir.

M.Heydərov Cəyli kənd qəbiristanlığında dəfn ediləcək.

Mirəli Füzuli oğlu Heydərov 1996-cı ildə Kürdəmir rayonunun Cəyli kəndində anadan olub. 2020-ci ildən etibarən, Daxili İşlər Nazirliyi (DİN) Çevik Polis Alayında xidmət edib. Subay idi.

Xatırladaq ki, iyunun 24-də Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlunun saxlanılması üçün keçirilən əməliyyat zamanı polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərov həlak olub.

COP29