!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hələ də “sağlamlaşmayan” BANK SEKTORU: “Vəziyyət ürəkaçan deyil” – İqtisadçılardan MÖVQE

!Reklam – Yazi

Nazim Bəydəmirli: “Bank sektorunun sağlamlaşdırılması üçün kredit faizləri aşağı salınmalıdır”.

Əkrəm Həsənov: “Hazırda bank sektorunda əsas məqsəd vəziyyətin daha da pisləşməsinin qarşısını almaqdır”.

Ölkədə bank sektorunun sağlamlaşdırılması istiqamətində müəyyən addımların atılmasına baxmayaraq, bu sahədə müsbətə doğru ciddi irəliləyişin olduğunu söyləmək üçün əsas yoxdur. Mütəxəssislər qeyd olunan sektorda vəziyyətin sabitləşməsinə mane olan amillərin heç də az olmadığını diqqətə çatdırırlar.

Mövzu ilə bağlı Yenicag.az-a danışan sabiq millət vəkili Nazim Bəydəmirli qeyd edib ki, bankların müflis olmasının əsas səbəbi iqtisadiyyatda monopoliyanın olmasıdır və bu baxımdan, bank sektorunun sağlamlaşdırılması prosesi ilə bağlı vəziyyət ürəkaçan deyil:

“Çox təəssüf ki, hazırda bank sektoru iqtisadiyyatı normal səviyyədə təmin etmir. Dünya ölkələri adətən, iqtisadi böhran zamanı Mərkəzi Banklarının uçot dərəcəsini aşağı salırlar və pul-kredit siyasətini müstəqil şəkildə yürüdürlər.

Azərbaycanda isə Mərkəzi Bank hökumətin bir qanadı kimi fəaliyyət göstərir və bu sbəbdən, ölkədə kredit resursları çox bahadır. Bu, istehlak kreditləri daxil olmaqla, biznes kreditlərində də özünü göstərir.

Xarici ölkələrdə saxlanılan vəsaitlərin gəlirlilik dərəcəsi isə aşağıdır. Mövcud şəraitdə bank sektorunda da inhisarçılıq hökm sürür. Belə olan halda xarici investorların ölkəyə etimadı azalır və daxildə də vətəndaşlar banklara güvənmir. Əslində, iqtisadiyyatda inam olmadıqda və qəbul olunan qərarlar tez-tez dəyişdirildikdə, investisiya mühiti pisləşir, vəsaitlər ölkə xaricinə çıxarılır.

Bank sektorunun sağlamlaşdırılması üçün kredit faizləri aşağı salınmalı, banklar öz fəaliyyətində məsuliyyətli olmalı və işgüzar fəaliyyətə müsbət təsir göstərməlidirlər. Ümumilikdə isə məmur özbaşınalığı və rüşvətxorluğun aradan qaldırılması, dövlət vəsaitlərinin səmərsiz istifadə olunmaması üçün ölkənin iqtisadi mühitində şəffaflıq artırılmalıdır”.

İqtisadçı Əkrəm Həsənov isə Yenicag.az-a açıqlamasında bildirib ki, pandemiya dönəmində bank sektorunun sağlamlaşdırılmasından daha çox, vəziyyətin sabit saxlanılması əsas hədəflərdən biridir:

“Hazırda bank sektorunda sağlamlaşdırma birinci məsələ deyil. Əsas məqsəd vəziyyətin daha da pisləşməsinin qarşısını almaqdır. Çünki karantin rejimi fonunda problemli kreditlərin artması gözlənilir. Hələ ki, bu istiqamətdə atılacaq addımlar barədə dəqiq məlumat yoxdur. Deməli, ən azı bir neçə bankın vəziyyəti daha da pisləşə bilər”.

Gülşən Şərif

www.yenicag.az

1204
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv