!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Helikopter qəzasının doğurduğu SUALLAR: “Baş Prokurorluq yalan məlumat yayanları necə cəzalandıracaq axı?” - AKTUAL

“Təxribatçılara informasiya boşluğu verməyin ki, onlar da yalan məlumat yaya bilməsinlər”.

Bu fikirləri dünən baş verən məlum helikopter qəzası ilə bağlı informasiyanın yayılmasında opretivliyin təmin olunmamasının şayiələrə yol açdığını bildirən Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda hərbi xarakterli informasiyanın vaxtında yayılması ilə bağlı problem illərdir, davam edir:

“Çox təəssüf ki, ötən gün baş verən helikopter qəzası ilə bağlı informasiyanın idarə edilməsi qüsurlu oldu. Dünən hadisənin baş verməsindən saatyarım sonra Dövlət Sərhəd Xidməti ilə Baş Prokurorluğun birgə məlumatı yayıldı. Əlbəttə, o məlumatın nə zaman yayılması həmin qurumların səlahiyyətində olan məsələdir.

Lakin bu saatyarımlıq müddətdə yaranan informasiya boşluğu artıq müəyyən şübhəli məqamlar haqqında şayiələrin uydurulmasına səbəb oldu. Bu, bir. İkincisi isə Dövlət Sərhəd Xidməti ilə Baş Prokurorluğun birgə məlumatı olduqca kasad idi. Yəni açıqlandı ki, sadəcə, bir qəza baş verib, ölən və yaralananlar var. Bu hal manipulyasiya üçün əlavə sualların yaranmasına yol açdı ki, görəsən, nə baş verib? “Helikopteri bəlkə vurublar?”, “Bəlkə bu bir terrordur, təxribatdır?” kimi suallar ortaya çıxdı.

Amma o qurumlar yaydıqları ilkin informasiyada müəyyən vacib məqamları qeyd edə bilərdilər. Çünki vurğuladığım saatyarımlıq zaman kəsimində onların əlində ilkin informasiya mütləq olub. Həmin informasiya cəmiyyətlə paylaşılmalı idi.

Digər tərəfdən, bu günün özündə də qəzada həlak olanların iki fərqli siyahısı paylaşılır. Təsəvvür edin, on dörd hərbçi həlak olub və onların iki ayrı-ayrı siyahısı yayılıb. Dövlət Sərhəd Xidməti ilə Baş Prokurorluq çıxıb o siyahıların hansının dəqiq olduğuna aydınlıq gətirmir. Eyni zamanda, bu ana qədər Dövlət Sərhəd Xidməti ilə Baş Prokurorluğun rəsmi internet saytlarında həlak olan hərbçilərimizin siyahısı yerləşdirilməyib. Bu, necə ola bilər?

Həmçinin Dövlət Sərhəd Xidməti və başqa uyğun qurumların nümayəndələri vaxtında canlı efirə çıxaraq ictimaiyyətə məlumat verməliydilər, müvafiq media qurumları səfərbər edilməli idi ki, kimlərsə manipulyasiya edə bilməsin, şayiələrin yayılmasına əsas olmasın. Amma təəssüf ki, belə bir operativlik təmin edilmədi, siyahı vaxtında açıqlanmadı, bu barədə danışa biləcək hazırlıqlı ekspertlər meydana çıxarılmadı. O səbəbdən, informasiya məsələsində bu dəfə də uduzduq, sinifdə qaldıq. Təəssüf ki, Azərbaycanda hərbi xarakterli informasiyanın vaxtında yayılması ilə bağlı problem illərdir, davam edir. Yalnız ona köklənirlər ki, kiminsə, haradasa yazdıqlarını təkzib eləsinlər…

Bundan başqa, Baş Prokurorluğun helikopter qəzası ilə əlaqədar yalan məlumat yayanlara xəbərdarlığı dərc olunub, həmin şəxslərlə bağlı müvafiq tədbir görüləcəyi bildirilib. Axı siz Amerikada, Almaniyada oturan şəxsə qarşı nə tədbir görəcəksiniz? Siz Ermənistan xüsusi xidmət orqanlarının yalan maşınına qarşı nə tədbir gösrəcəksiniz, onları necə cəzalandıracaqsınız?

Təxribatçılara informasiya boşluğu verməyin ki, onlar da yalan məlumat yaya bilməsinlər. İnformasiya müstəvisi boş qaldığı üçün yalançılar, manipulyasiya ilə məşğul olanlar doluşublar oraya və işlərini görürlər… İndi isə bəyan edirsiniz ki, tədbir görəcəyik… Yaxşı, buyur, Almaniyada oturub yalan yayan adamı tut və tədbir gör. İllərdir, xaricdə oturub Azərbaycanı söyən adamlar var, onlara qarşı tədbir görə bilirsinizmi? Boş-boş nağıllar danışmaq lazım deyil. Bir daha deyirəm, informasiya işini yenə düzgün qura bilmədilər və bu da Azərbaycana qarşı şayiə, yalan maşınının növbəti dəfə işləməsinə şərait yaratdı”.

A.Zeynalov

www.yenicag.az

275
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100