“Universitetlərin Bakı şəhərindən çıxarılması ilə bağlı təkliflərin üzərində işləməyin vaxtı çatıb”.
Bu sözləri yeni tədris ilinə az qalmış tələbələrin mənzil tapmaqda çətinlik çəkməsi, xüsusilə də universitetlərin tələbə yataqxanalarındakı vəziyyətini şərh edərkən təhsil eksperti İlqar Orucov Yenicag.az-a açıqlamasında deyib.
O, bu istiqamətdə proseslərin çox ləng getdiyini bildirib:
“Hər il tələbələrin kirayə mənzil və yataqxana problemləri ilə qarşılaşdıqlarını görürük. Bu istiqamətdə universitetlər son illərdə az da olsa, müəyyən işlər görürlər. Ölkəmizdə, təəssüflər olsun ki, tələbə yataqxanası olan universitetlərin sayı çox azdır.
Əvvəllər tələbələr üçün nəzərdə tutulan yataqxanalarda məcburi köçkünlər yerləşdirilmişdi. Artıq bir çox yataqxanalar boşaldılıb və yeniləri tikilir. Təəssüflər olsun ki, bu işlər çox ləng gedir. Məsələn, Bakı Dövlət Universiteti tələbələr üçün artıq yataqxana komplekslərinin tikintisi ilə bağlı işlərə başlayıb. Yəni çox az sayda universitetin yataqxana kompleksləri mövcuddur. Onlara müraciət etdikdə isə yer olmadığını görürsən. Universitetlər bununla bağlı lazımi tədbirlərini görməlidirlər. Digər tərəfdən, ali təhsil müəssisələrinin çoxu Bakı şəhərində cəmləşdiyindən ərazi baxımından yataqxana tikmək müşkül məsələyə çevrilib.
Hesab edirəm ki, universitetlərin Bakı şəhərindən çıxarılması ilə bağlı təkliflərin üzərində işləməyin vaxtı çatıb.
Kirayə mənzillərdə də qiymətlər kifayət qədər bahadır. Aztəminatlı ailələrin yeni dərs ili başlayanada nə qədər çətinlik çəkdiyinin şahidi olmuşam. Ona görə də nə qədər imkan varsa, yataqxanalar inşa etmək və orada xüsusilə aztəminatlı ailələrdən olan tələbələrin yerləşməsini təmin etmək lazımdır”.
Sadiq Cavadov