!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Həll olunmayan TIXAC PROBLEMİ: Bakının maşın yükü necə azaldıla bilər? - TƏKLİF

!Reklam – Yazi

“Tələbələri ictimai nəqliyyata qaytarmaqla Bakı-Sumqayıt yolunda maşınların sayını azalda bilərik”.

Yenicag.az xəbər verir ki, bu sözləri tıxac problemi ilə mübarizə metodlarına toxunan nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, tıxac probleminin həllində bir sıra effektiv addımlar atmaq lazımdır:

“Ötən il yarım saata, 40 dəqiqəyə getdiyimiz yolu bu gün 2 saata gediriksə, artıq problem böyükdür.

Nəqliyyat canlı orqanizmdir. Tıxac bir xəstəlik kimi Bakıda at oynadır. Çünki nəqliyyat siyasəti düzgün qurulmayıb. Nəqliyyatda dəyişiklik və yenilik deyəndə sanki bəzi məmurların şəxsi həyatını dəyişdirib inkişaf etdirməsi nəzərdə tutulur. O saat ildə iki dəfə maşın dəyişmək, evi dəyişmək, bağ evi almaq, kostyumların sayını çoxaltmaq nəzərdə tutulur. Əgər nəticə olmasa, deməli, Bakı ölüb, basdıran yoxdur. Vəziyyət isə getdikcə daha da gərgin olacaq.

Tıxac problemin həlli ilə bağlı təkliflərim var. Öncə, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi şəhərin kənarına köçürülməlidir. Fövqəladə Hallar Nazirliyinin Bakının mərkəzində ən azı 5 binası var. Hələ də çox adam bilmir ki, əsas bina hansıdır. Onların ən azı 4-nü kənara köçürmək lazımdır. Ali məktəblər birmənalı olaraq şəhərdən kənara köçürülməlidir. Orta məktəblərdə məktəbli avtobusu servisi işə salınmalıdır.

Eyni zamanda, Bakının mərkəzində iri ticarət obyektlərində, restoranlarda işə başlanmanı günlər və saatlar üzrə bölmək lazımdır. 20 Yanvar dairəsi boşaldılmalıdır. 20 Yanvardakı körpüdən Qələbə dairəsi və Şərifzadə küçəsi istiqamətində, eləcə də 3-cü mikrorayon dairəsi tərəfə əlavə qanadlar atmaq olar. Sumqayıt və Abşeronun qəsəbələrinə gedən sərnişinləri “Avtovağzal” stansiyasına yönləndirmək lazımdır. Sumqayıtdan Bakıya gələn, Bakıdan Sumqayıta gedən tələbələr üçün güzəştli avtobus kartları tətbiq etmək önəmlidir. Tələbələri ictimai nəqliyyata qaytarmaqla Bakı-Sumqayıt yolunda maşınların sayını azalda bilərik. Bundan başqa, dəniz üzərindən Bibiheybətdən Zığa yol çəkilə bilər. Böyük Şor gölü üzərindəki yola yük maşınlarını yönləndirməklə Binəqədi şosesini boşaltmaq olar. Xırdalan dairəsində asma körpü və tunel vasitəsilə şaxələnmə yaratmaqla dairədəki xaosu aradan qaldırmaq olar. Zabrat yolunu genişləndirməyə ehtiyac var. Bundan sonra yol kənarlarında hər hansı obyektin tikintisini məhdudlaşdırmaq vacibdir. Konkret məsafə müəyyən edilməlidir. Sulutəpə dairəsindəki körpünü şaxələndirmək olar.

Piyadaların hərəkəti ciddi şəkildə tənzimlənməlidir. Köhnə maşınları dərhal sıradan çıxarmaq və yeni gətirilən maşınlarla bağlı konkret sərt tələblər qoymaq lazımdır. Sürücülərin təkmilləşdirilməsini həyata keçirmək, yol-nəqliyyat hadisələrinə qarşı mübarizə aparmaq şərtdir.

Ən vacib təkliflər isə dərhal icra olunmalıdır. Bunlara ictimai nəqliyyatı inkişaf etdirmək, avtobusların sayını artırmaq, daşıyıcı şirkətlərə dövlət dəstəyi daxildir. Həmçinin metro şəbəkəsini təcili şəkildə inkişaf etdirmək, bir çox istiqamətlərə metro stansiyaları çəkmək, metronun 50 illik inkişaf strategiyasını hazırlamaq lazımdır”.

Gülşən Şərif

www.yenicag.az

369
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv