Həllini tapmayan PROBLEMLİ KREDİTLƏR: “Banklar bununla öz mənfəətini artırmağa çalışır” – Professor ŞƏRHİ
“Banklar istehlak kreditləri və mənfəəti artıran digər xidmətlərə üstünlük verməklə, məhz öz mənfəətini artırmağa çalışır”.
Bu sözləri ölkədə problemli kreditlərin həcminin artmasına təsir edən amilləri dəyərləndirən İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Yenicag.az-a açıqlamasında deyib.
Professor vurğulayıb ki, bank sektorunda idarəetmənin düzgün formalaşmaması müştərilərin maddi vəziyyətinə mənfi təsir etməklə yanaşı, bankların fəaliyyətinə də ziyansız ötüşmür:
“Ölkədə bank sektorunun sağlamlaşdırılması prosesi davam etdirilməlidir. Çünki banklarımız tərəfindən bu sektorun əsas missiyası olan investisiyaların yaradılması deyil, əsasən iqtisadiyyatda istehlak kreditləri və mənfəəti artıran digər xidmətlərin artırılmasına üstünlük verilir. Bu, iqtisadi problemlərin dərinləşməsinə şərait yaradan istiqamətlərdən biridir. Bank sektoru məhz öz mənfəətini artırmaq üçün fəaliyyət göstərə bilməz. Sözügedən sektor ilk növbədə, ölkə iqtisadiyyatının maraqlarına cavab verməlidir. Çünki öz mənfəəti üçün işləyən bank qısa zamanda vətəndaşların maddi vəziyyətinin zəiflədilməsinə, kredit yükü ilə üzləşməsinə şərait yaradır. Nəticədə bankların öz vəziyyəti də dayanıqlı olmayacaq və problemlərlə üzləşəcək. Ona görə də mütləq şəkildə bank sektorunun öhdəlikləri və aktivlərində xeyli dərəcədə ciddi dəyişiklik edilməlidir. Bank sektorunun xarici öhdəliklərinin xüsusi çəkisi azaldılmalı və eyni zamanda aktivlərin investisiyayönümlü istiqaməti artırılmalıdır. Bank sektoru mənfəətini uzunmüddətli, dayanıqlı kreditlərin verilməsindən götürməlidir”.
Elşad Məmmədov bildirib ki, Azərbaycanda bank qanunvericiliyi ilə bağlı dəyişikliklərə ehtiyac var:
“Bu dəyişiklik xüsusən də girovlarla bağlı məsələdə nəzərə alınmalıdır. Çünki əksər hallarda banklardan kredit götürən müştərilərin girovları aşağı qiymətlə dəyərləndirilir. Bu, kreditin qaytarılmasndan daha çox vətəndaşın müflisləşməsinə yol açır. Ona görə də girov siyahısı artırılmalı və ölkədə dayanıqlı investisiya artımına yönəlik bank sektorunun kredit portfeli formalaşdırılmalıdır”.
Qeyd edək ki, Azərbaycanda bu il iyulun 1-nə vaxtı keçmiş kreditlərin məbləği 914,6 milyon manat təşkil edib. Bu, iyunun 1-i ilə müqayisədə 0,85% çoxdur.
Gülşən Şərif