HƏMAS-ın partiyasız hökumət təklifi: İsrail bütün Qəzza ərazisini tərk etməyəcək?

Misir və ABŞ-nin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında davam edən danışıqların Qətərdən olan nümayəndəsi Hossam Badran verdiyi açıqlamada deyib ki, Doha administrasiyası müharibədən sonra Qəzza və Qərb sahilini tərəfsiz milli səlahiyyətli bir hökumətin idarə etməsini təklif edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Arab News” məlumat yayıb.

“Müharibədən sonra Qəzzanın idarə edilməsi heç bir kənar müdaxilə olmadan Fələstinin daxili işidir və Qəzzada müharibənin ertəsi günü heç bir xarici tərəflə müzakirə etməyəcəyik”, – Badran əlavə edib.

HƏMAS rəsmisi AFP-yə bildirib ki, partiyasız hökumət təklifi “vasitəçi”lərlə edilib. Adının açıqlanmasını istəməyən rəsminin sözlərinə görə, hökumət müharibədən sonrakı ilkin mərhələdə Qəzza zolağı və Qərb sahilinin işlərini idarə edəcək və ümumi seçkilər keçirəcək.

Badranın açıqlamaları İsrailin Baş naziri Benyamin Netanyahu İsraildən Misirlə sərhəddə yerləşən və Qəzza ərazisi olan Filadelfiya dəhlizinə nəzarəti saxlamağı tələb etməsindən sonra gəlib. Bu şərt HƏMAS-ın atəşkəsdən sonra İsrailin bütün Qəzza ərazisini tərk etməli olduğu mövqeyi ilə ziddiyyət təşkil edir. Netanyahu cümə axşamı deyib ki, Filadelfiya dəhlizinə nəzarət Misirdən HƏMAS-a silah qaçaqmalçılığının qarşısını almaq səylərinin bir hissəsidir.

Xatırladaq ki, Qəzzada atəşkəs əldə etmək, həmçinin HƏMAS-ın hələ də orada saxladığı girovların qaytarılması məqsədi ilə Doha və Qahirədə danışıqlar keçirilir.

Rafi Müslümov

COP29