HƏMAS-ın yeni lideri təşkilatı bu şəhərdən idarə edəcək – Sinvarın adı MOSSAD-ın “ölüm dəftəri”ndə

HƏMAS-ın yeni lideri Yəhya Sinvar təşkilatı İsmayıl Haniyə dövründə olduğu kimi, Qətərdən deyil, birbaşa Qəzzadan idarə edəcəyini açıqlayıb. Bu isə uzun illərdir ki, mövcud olan Orta Şərq balansının pozulması demək olacaq.

Onsuz da İsmayıl Haniyə körfəz-İran-Türkiyə arasında balansı qorumağa və heç bir tərəfə qarşı daha çox balansı pozmamağa, habelə təşkilatı daha çox hərbi gerilla təşkilatından siyasi quruma çevirməyə çalışıb, dövlət olaraq hərəkət etməyə cəhd edib.

Yenicag.az xəbər verir ki, Sinvarın təşkilatı Qəzzadan idarə etmək istəməsi isə artıq HƏMAS-ın yenidən hərbi və dirəniş gücünə qayıtmasına səbəb ola bilər. Bu cür durum isə İsrail üçün ən uyğun seçimdir, çünki HƏMAS-ın dövlət kimi davranması və normal siyasi quruma çevrilməsi təşkilatın qlobal cənub və bir çox böyük güclə normal münasibətlər qurmasına səbəb olmuşdu ki, bu da təşkilatı legitimləşdirirdi. Burada İsrailə lazım olan isə HƏMAS-ın “şeytanlaşdırılması” və hərbi amilin daha öndə olmasıdır.

Hazırda Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin Baş naziri Benyamin Netanyahu ilə bağlı çıxardığı qərarlar və İsmayıl Haniyənin öldürülməsindən sonra İsrail liderinin sözügedən məsələdə “hədəf taxtası”nda tək qalması Yahya Sinvarın əlinə oynayan bir məsələdir. İsrail başda olmaqla ABŞ Qəzzanın sonrakı taleyi ilə bağlı Qətər və Misirin vasitəçiliyi ilə görüşlərə qatılsa da, görünən odur ki, Sinvar HƏMAS-a yeni nəfəs gətirmək niyyətindədir. İsrail daxili kəşfiyyatı olan “Şin-Bet”in 10 aylıq gedən döyüşlərdə HƏMAS-ın hərbi və siyasi resursları ilə bağlı hesabatında təşkilatın ¾-nün tamamilə məhv edilməsi haqqında informasiyalar yer alsa da, reallıq tamamilə başqadır.

HƏMAS-ın Qəzza zolağındakı lideri olan Yəhya Sinvarın sələfindən fərqli olaraq daha rasional və müharibənin taleyini dəyişdirəcək siyasət yürüdəcəyini bir çox analitiklər iddia edirlər. Onların fikrincə, Sinvarın siyasi gedişləri HƏMAS-ın İsraillə aktiv savaşda prosesləri öz xeyrinə yönləndirə bilməsinə gətirib çıxaracaq. Sözsüz ki, İ. Haniyənin qətlindən sonra HƏMAS İranın proksi qüvvəsi kimi Tehrandan daha çox dəstək alacaq. Onsuz da Haniyənin qətlə yetirilməsinin arxasında dayanan müəmmanın hələ uzun müddət ortaya çıxacağı sual altındadır.

Tehran üçün Sinvar mühüm bir aktordur. İran “Hizbullah” lideri Həsən Nəsrullah və “Ənsərullah” hərəkatının rəhbəri Əbdül-Malik əl-Husidən fərqli olaraq, dirəniş gücünə görə sırf Sinvara dəstəyini artıra bilər. Doğrudur, İranın İsraili əhatələyən proksi gücləri günü-gündən Yaxın Şərqdə artır, lakin Tehran administrasiyası üçün post-Haniyə dönəmində Sinvar kimi Fələstində sayılıb-seçilən bir şəxsin HƏMAS Siyasi Bürosunun rəhbərliyinə gətirilməsi Təl-Əvivi daha da küncə sıxışdırmaq üçün bir məqam ola bilər.

MOSSAD-ın Haniyəni qətlə yetirməsindən sonra vəziyyəti xeyrinə çevirməsi isə çox uzun çəkmədi. Onsuz da İsrail kəşfiyyatı HƏMAS-ın bütün siyasi üzvlərin məhv edilməsi ilə bağlı əməliyyatlarını həyata keçirir. Hətta belə demək olar ki, Sinvarın da adı MOSSAD-ın “ölüm dəftəri”ndə yer alıb. Lakin indi “top” İran əlindədir. Tehran ya Sinvara dəstəyini artırmaqla İsraillə eskalasiyanı uzaqdan genişləndirəcək, ya da özün mütləq şəkildə İsrailə zərbələr endirəcək. Burada isə birinci versiya – proksi qüvvə olaraq HƏMAS-a dəstəyin artırılması və hücumların şiddətlənməsi faktoru daha real görünür.

Rafi Müslümov

COP29