“ABŞ İsrailin təhlükəsizliyini öz milli məsələsi olaraq qəbul edir”.
Bunu Yenicag.az-a açıqlamasında ABŞ-nin müdafiə naziri Lloyd Ostinin, hücuma məruz qalacağı təqdirdə, ABŞ-nin İsraili müdafiə edəcəyi ilə bağlı bəyanatını şərh edən politoloq Əhməd Şahidov deyib.
Onun sözlərinə görə, İsrailin ümumilikdə son zamanlar həyata keçirdiyi sui-qəsdlər və qətillər birmənalı olaraq hər kəs tərəfindən pislənməli olan terror hadisələridir.
“Törədilən qətllər, öldürülən günahsız insanlar barədə danışmayan ABŞ bu gün İsrailin təhlükəsizliyi barədə söz açır. Bu, ikili standart və qərəzli yanaşmadan başqa bir şey deyil. Ancaq təəssüf ki, buna siyasət deyirlər. Öz məsələsindən istifadə edərək, kimisə istədiyi vaxtda və məkanda qətlə yetirmək yolverilməzdir. Bütün bu hadisələri ovuc boyda İsrailin təkbaşına törətməsi mümkün deyil. ABŞ onu ciddi şəkildə dəstəkləyir.
Vaşinqton və Tel-Əviv arasında strateji müttəfiqlik və dostluq münasibətləri mövcuddur. Uzun müddət Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Fələstinlə bağlı müzakirələr gedərkən bütün dünyanın İsrailin hərəkətlərini qınadığı zaman ABŞ-nin veto qoyması ilə Tel-Əvivə qarşı hər hansı qərar qəbul edilməyib.
Bu iki ölkə arasında münasibətlər o qədər irəliləyib ki, ABŞ İsrailin təhlükəsizliyini öz milli məsələsi olaraq qəbul edir. Bu baxımdan İsrail illərdir ətraf ölkələrə qarşı hərbi əməliyyatlar keçirir. İndi isə bu addımlar yeni və daha geniş müharibəyə gətirib çıxarıb. Artıq dünya Üçüncü Dünya müharibəsi astanasındadır”, – deyə politoloq bildirib.
O, qeyd edib ki, HƏMAS liderinin Tehranda vacib gündə öldürülməsinə İran cavabsız qalmayacaq:
“İran artıq qisas bayrağını qaldırıb. Yeni hərbi əməliyyatlar və müharibə qaçılmazdır. Cənubi Qafqaz ölkəsi olaraq sərhəd dövlətlərdə baş verən hadisələr Azərbaycanı da narahat edir. Çünki yeni münaqişə həm də siyasi, hərbi və humanitar fəlakət deməkdir. COP-29 beynəlxalq tədbirinin gözlənildiyi bir vaxtda çox çətin mərhələyə qədəm qoyuruq. ABŞ-nin də dəstəyi ilə İsrailin atacağı addımlar Üçüncü Dünya müharibəsinə səbəb olacaq”.
Nəsimi Ələsgərli