Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Həmin gün 3 açıq ürək əməliyyatı etmişdi”

2020-ci ilin noyabr-dekabr aylarında – pandemiyanın ən pik vaxtlarında (hər gün 4000-5000 yoluxma olurdu) qardaşım bu xəstəliyə tutuldu.

Xəstəxanalarda  yer yox, qardaşımın da vəziyyəti ev şəraiti üçün deyil – gündən-günə ağırlaşırdı. Hərbçi, Birinci Qarabağ müharibəsinin qazisi olması dadımıza çatdı – böyük çətinliklə xəstəxanaya qəbul etdilər. Ancaq ikinci problem yarandı – əlaqəmiz kəsildi. Xəstəxanaya buraxmırdılar, özünün də halı yox idi danışmağa. Dəqiq bildiyimiz o idi ki, həkimlərin sayı ilə xəstələrin sayı arasındakı balans bir neçə dəfə olmaqla pozulub, həkimlər xəstələrə lazımi diqqəti yetirə bilmirlər, bizim xəstənin də vəziyyəti ağırdır. Üçüncü-dördüncü adamların vasitəsilə çatan xəbərlər də üzücü və təzadlıdır.

Belə çətin məqamda həkim dostlardan kimə zəng etdimsə, heç biri kömək etmək iqtidarında olmadı, ya o xəstəxanaya (FHN-in Tibb Mərkəzinin modul tipli hospitalı) girməyin qeyri-mümkünlüyünü, ora zəng edib kimdənsə xahiş etməyin mənasız olduğunu dedilər, ya da heç nə etməyin mümkün olmadığını, gümanın Allaha qaldığını izah etdilər, mənə ürək-dirək, təsəlli verdilər.

Həkim dosları qınamadım – səhiyyə sahəsində ölkədə vəziyyət həqiqətən gərgin idi, 100 min nəfərdən çox koronavirus xəstəsi, cəbhədən yaralı gələn döyüşçülər, digər müxtəlif xəstələr həkimləri gecə-gündüz işə bağlamışdı, telefonla hansısa məsələnin həllinə çalışmaq, kiməsə xüsusi qayğı göstərmək mümkünsüz idi. Ancaq bizim ailənin vəziyyəti də çıxılmaz idi – hər gün gələn qara xəbərlər, qardaşımın yaşı, səhhəti üzücü vəziyyət yaratmışdı.

Belə bir kritik vəziyyətdə son ümid kimi Ona zəng etmək istədim. Ancaq  düşündüm ki, sıravi həkimlər telefonla danışmağa vaxt tapmırlarsa, seçicilərinin qayğısı ilə yaşayan Milli Məclisin deputatı və parlamentin səhiyyə komitəsi sədrinin müavini, yeni nəsil kardioloqlar yetişdirən tibb elmləri doktoru, indiyədək 10 mindən çox açıq ürək əməliyyatı etmiş, bu gün də edən Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə Heyətinin sədri, hər gün müxtəlif problemlərlə bağlı televiziya verilişlərində mükəmməl müsahibələr verən Azərbaycan Respublikasının Əməkdar həkimi macal tapa bilərmi? Ancaq tapdı! Elə bil mənim zəngimi gözləyirmiş kimi danışdı – nə həmin gün etdiyi 3 açıq ürək əməliyyatını hiss etdirdi, nə Milli Məclisin komissiya iclasından təzəcə gəldiyini, nə dünən rayonda şəhid mərasiminə qatıldığını, nə səhər tezdən canlı efirdəki çıxışını… Heç nə olmayıbmış kimi həmişəki qayğıkeşlik, həmişəki insanlıq, həmişəki təbəssüm! On dəqiqədən sonra qardaşım haqda təfsilatlı məlumat ala bildik, yarım saatdan sonra xəstəxananın əsas həkimləri onun palatasına toplaşdı, müalicə intensivləşdi, diqqət artdı, vəziyyət tədricən dəyişməyə başladı…

Düşünürəm ki, insanda nə qədər böyük ürək, nəciblik, xeyirxahlıq, bunlarla bərabər səbir, dözüm, iradə olmalıdır ki, belə gərgin bir mühitdə insanlığı itirməyəsən… Çox görmüşük ki, bir azca səlahiyyəti artanlar artıq bu dünyaya sığmırlar, köhnə dostlar nədir, tanışlar nədir, köhnə yerişlərini bəyənmirlər, heç bir xeyirdə-şərdə iştirak etmirlər, “mənim işim çoxdur” deyib hamıdan qaçırlar, “eh, vaxt var?” sözlərini həyat kredosuna çevirirlər, özlərinin də başa düşmədiyi məchul  “xoşbəxtliyə” doğru surətlə gedirlər – dostlarını, yaxınlarını, səmimiyyətlərini, hörmətlərini, insanlıqlarını itirə-itirə…

Onun digərlərindən ən böyük fərqi də budur – səmimiyyət, alicənablıq, insanlara sevgi, böyüklük, xeyirxahlıq, daha nələr… Onun üzündəki nurun mayasında  ilahidən gələn nəciblik, yüksək intellektinin, dərin məntiqinin, parlaq zəkasının arxasında böyük zəhmətsevərlik, gənc yaşlarından cəmiyyətdə qazandığı nüfuzunun əsasında dürüstlük, dəqiqlik, fədakarlıq durur. Onun sənəti ürəkləri yaşatmaqdır – fərqli-fərqli minlərlə ürəyə yol tapmaq üçün əllərinin şəfası, beyninin zəkası, ürəyinin yanğısı birləşir, nəticədə insan həyatı xilas olur. Nazim Hikmət deyir ki, sən yanmasan, mən yanmasam, biz yanmasaq, necə çıxar qaranlıqlar aydınlığa?! Bu ürək yanğısının hələ çox ürəklərə nicat yolu tapmasını arzulayırıq! Xəlil Rzanın təbiri ilə desək, bu dünyada Rəşad da çoxdur, Mahmudov da, Rəşad Mahmudov isə təkdir! Bu tək oğulu Allah qorusun!

Fikrət Şiriyev,
BDU-nun dosenti

Loading...

www.yenicag.az

146