Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Sadiq Nəhmətovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Yenicag.az Report-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə S.Nəhmətov özünü təqsirli bildiyini söyləyib. O sərbəst ifadəsində qeyd edib ki, mərhum Zahir Hacıağayevin xalası oğlunun evində işləyib, orda da içki içib: “Onlardan evə gələndə qapının açıq olduğunu və televizorun otaqda olmadığını gördüm. Maraqlananda qonşu Gülbəniz bildirdi ki, televizoru Zahir aparıb. O, daha əvvəl də məndən televizoru istəmişdi, lakin verməmişdim”.
S.Nəhmətov futbol azarkeşi olduğunu deyib: “Zahir də futbola baxmağı sevirdi. Elə olurdu ki, oyunlara bir yerdə baxırdıq. Həmin gün də “Barselona” klubunun oyunu var idi. Mən də futbola baxacaqdım. Zahirin televizoru evdən aparmasına əsəbləşdim. Sonra öyrəndim ki, o, televizoru başqasına satıb. Mən də bıçaq götürüb, məhləyə düşdüm. Ona yaxınlaşanda yanında Feyruz var idi. Zahirlə əvvəl söhbət etdik. Mənə söyüş söydü, mən də onu vurdum”.
Təqsirləndirilən şəxs mərhum Z.Hacıağayevə neçə bıçaq zərbəsi vurduğunu xatırlamadığını vurğulayıb: “Həmin zaman Zahir televizoru satdığını etiraf etmədi. Onu öldürmək fikrim yox idi, yalnız qorxutmaq istəyirdim. Bıçağı da bunun üçün götürmüşdüm”.
Məhkəmənin növbəti iclası martın 27-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib. Belə ki, Əmircan qəsəbəsində 1965-ci il təvəllüdlü Zahir Hacıağayev 1981-ci il təvəllüdlü tanışı S.Nehmətov tərəfindən bıçaqlanaraq öldürülüb.
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən S.Nəhmətov tutulub.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
Xatırladaq ki, qətlə yetirilən Z.Hacıağayev əvvəllər məhkum edilib. O, əvvəllər tüfeyli (“bomj”) həyatı yaşayıb.