“Həmişə Moskvaya məşhur Ukrayna arağı – “Persovka” aparırdım və arada Yeltsinlə adama yüz-yüz vururduq”.
Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Ukrayna Yazıçılar İttifaqının keçmiş sədri, Ukrayna və SSRİ-nin sabiq deputatı Vladimir Yavorivski deyib. Onunla müsahibəni qısa ixtisarla təqdim edirik.
– Mən Krım və Dağlıq Qarabağ arasında analogiya aparmaq istərdim. Ənənəvi olaraq, Azərbaycanla Ukrayna arasında çox yaxın münasibətlər var və bu, siyasi-iqtisadi məsələləri də əhatə edir. Ölkələrimiz beynəlxalq təşkilatlarda da bir-birilərinin lehinə səs verirlər. Ümumi problemlərimizi də unutmuruq: onlarda Qarabağ, bizdə Krım, Donbas.
– Rusiya hər yerdə bütün işlərə qarışır – özü də açıq şəkildə, ən iyrənc formada… Məncə, onun bu həyasızlığı dünya birliyi tərəfindən hələ də tam dərk olunmur. Bunu qonşuları, ilk növbədə isə postsovet ölkələri daha çox hiss edirlər. Harada münaqişə varsa, rəsmi Moskva oradadır. Əlbəttə, çox istərdik ki, bu münaqişə aradan qaldırılsın və Qarabağ nə Abxaziyaya, nə də Cənubi Osetiyaya çevrilsin. Lakin mən bu məsələnin dinc yolla həllinin tərəfdarıyam. Əminəm ki, dünya ictimaiyyəti də bu istiqamətdə daha çox fəallıq göstərməlidir. Ancaq çox təəssüflənirəm ki, Qarabağ münaqişəsi haradasa ikinci plana keçib.
– Vladimir Aleksandroviç, Siz hələ SSRİ xalq deputatı olanda…
– …Mən bunu əbədi deputatlıq adlandırıram, çünki mənim yerimə artıq heç kim keçməyəcək.
– Haqlısız, deputatlar da, prezidentlər də heç vaxt sabiq olmurlar. SSRİ xalq deputatları o zaman yeni-yeni alovlanan Qarabağ münaqişəsinə necə yanaşırdılar?
– O zaman SSRİ-nin dağılacağı artıq hiss olunurdu. Nəyin əsasında belə düşünürdük? Çünki Sovet qoşunları Əfqanıstandan çıxarılmışdı, Qarabağda, Abxaziyada, Dnestryanı bölgədə gərginlik artırdı. O münaqişələrin arasında Qarabağ məsələsi ən böyük problem kimi görünürdü. Mən xatırlayıram, azərbaycanlı və erməni deputatları Moskvada qırğına çıxırdılar. O zaman Saxarovun rəhbərlik etdiyi Regionlararası Deputat Qrupunun üzvü idim. Qrupa qeyri-rəsmi olaraq Yeltsin rəhbərlik edirdi. Həmin Qrup Sovet parlamentindən ilk müxalifətçi fraksiya hesab edilirdi. O vaxt Moskvaya məşhur Ukrayna arağı “Persovka” aparırdım və arada Yeltsinlə adama yüz-yüz vururduq. Yeltsinə izah etməyə çalışırdıq ki, bizim üçün milli məsələ mühüm əhəmiyyət daşıyır. O isə hər şeyi anlasa da, milli məsələni dərk eləmirdi. Elə onda başa düşdük ki, ruslar üçün milli azlıq anlayışı yoxdur.
– Ancaq yəqin ki, kimlərsə açıq şəkildə Qarabağ məsələsini geniş müzakirəyə çıxarmağa cəhd edirdi…
– Biz əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirdik. Ancaq biz azərbaycanlılarla da danışırdıq, ermənilərlə də… Bu məsələdə özümüzü hakim kimi görmürdük. Ancaq bizim deputat qrupunda problemlər kəskin formada qaldırıldı. Dəqiq xatırlamıram, lakin mənə elə gəlir ki, o məsələni qaldıran Anar idi…
– Azərbaycanın xalq yazıçısı…
– Yeri gəlmişkən, Anarla indi də dostluq edirik. O bir neçə dəfə Şevçenko ədəbiyyat günlərində iştirak etmək üçün Ukraynaya gəlib. Mən Ukrayna, Anar isə Azərbaycan Yazıçılar İttifaqının sədri idik. Ümumi məsələlərimiz çox idi, xüsusilə, qarşılıqlı kitab tərcümələrinə ciddi diqqət yetirirdik.
Biz SSRİ-nin dağılmasından sonra bir müddət dünya ədəbiyyatından qopmuş vəziyyətdə olduq. Axı o zaman əsas tərcümələr rus dilində idi, biz isə milli dilləri inkişaf etdirməyi düşünürdük. Mən iki ölkənin Yazıçılar İttifaqı arasında əməkdaşlığı genişləndirməyi təklif etdim. Kiyevdə “Sərhədsiz söz” adlı dəyirmi masa keçirdik. Daha sonra bu əməkdaşlığa Türkiyə də cəlb olundu, müqavilələr imzalandı. Azərbaycanda və Ukraynada “Ədəbiyyat günləri” təşkil olundu. Təəssüf ki, hazırda bu əməkdaşlıq nisbətən səngiyib. Ancaq əlaqələri yenidən gücləndirmək lazımdır.
– Vladimir Aleksandroviç, hazırda müsəlmanların əsas bayramlarından biri olan Ramazan qeyd edilir…
– Ramazan çox gözəl və dünyanın mühüm hissəsini əhatə edən bir bayramdır. Mən azərbaycanlıları – o gözəl milləti bu müqəddəs bayram münasibətilə təbrik edirəm. Azərbaycan bu gün Ukrayna üçün siyasi, iqtisadi, sosial və mədəni baxımdan olduqca vacib ölkədir. Allah eləsin, azərbaycanlıların bütün işləri düzəlsin. Qoy Anarın qələmi heç vaxt korşalmasın. Fürsətdən yararlanıb Anarı Kiyevə dəvət edirəm – gəl, məndə hər zaman kofe olur.
Yarina Lazko, Kiyevdən xüsusi olaraq Yenicag.ru üçün