Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Həmkarları 50-yə yetişən Elçin Mirzəbəylidən danışır: “İstedadlı şair, peşəkar jurnalist, gözəl insan...”

Azərbaycan mediasının çox dəyərli siması, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli 50 illik yubileyini qeyd edir.

Yenicag.Az xəbər verir ki, adı peşəkarlıq məfhumunun sinonimi kimi qəbul olunan, dinamik tərzini heç vaxt dəyişməyən Elçin Mirzəbəyli ilk böyük yubileyini də “qaçhaqaç” və “qovhaqov”da qarşılayır.

50 illik yubileyi ərəfəsində usta həmkarımızı daha yaxından, fərqli yönlərdən tanımaq və tanıtmaq üçün onunla geniş müsahibə etməyi düşünürdük.

Ancaq Elçin bəyin qrafikinin sıxlığı, əvvəldən planlaşdırılmış çəkilişlər və başqa tədbirlər səbəbindən bu niyyətimizi gerçəkləşdirməyə imkan tapmadıq. Yubilyarın hər zaman əlçatan olduğunu düşünməyimiz bizi çox yanıltdı.

Baş redaktor iştirak etməli olduğu tədbirləri sadaladı. Onun bu qədər işi sutkanın 24 saatına necə sığdırdığını təsəvvür etmək belə çətindir… Ancaq ilk böyük yubileyində Elçin bəylə geniş söhbətləşə bilməsək də, həmkarlarının onun barəsindəki fikirlərini öyrəndik.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət Yenicag.Az-a açıqlamasında Elçin Mirzəbəylini bütün mənalarda yetkin insan kimi qiymətləndirdi:

“Elçin Mirzəbəyli siyasətdə yetişkin, şeirdə şair, jurnalistikada da ustad deyə biləcəyimiz çox dəyərli bir həmkarımızdır. Belə şəxslər istənilən sahədə hər zaman gərəkli olurlar.

Onlar dövlət və millət üçün istənilən məsələnin həllində hamıdan öndə getməyi bacaran, qarşılarında duran vəzifələri hamıdan yaxşı və ən yüksək səviyyədə yerinə yetirən insanlardırlar.

Mən çox arzu edərdim ki, Elçin bəy bu qədər bilik, bacarıq və təcrübə sahibi olmasıyla bərabər, parlamentdə təmsil olunardı.

Hazırkı durumda bizim parlamentin belə insanlara çox ehtiyacı var. Elçin bəyə yubiley yaşında bu arzularımı ərməğan edirəm”.

 

Elçin Mirzəbəyli haqqında fikirlərini Yenicag.Az-a bölüşən Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli həmkarımızın bir çox sahələrdəki uğurlu fəaliyyətini onun milli ruhu ilə əlaqələndirdi:

“Elçin Mirzəbəyli adı Azərbaycan audiyoriyasına istedadlı şair, peşəkar  jurnalist, publisist və siyasi şərhçi kimi tanışdır. Elçin bəy bu  müxtəlif sahələrin hər birində özünü peşəkar kimi təsdiqləməyi bacarıb. Bu müxtəlifliyi bir arada birləşdirən xətt isə, fikrimcə, milli ruhdur.

Elçin bəyin “Heyratı” üstündə oxunan məşhur milli  marşını dinləyərkən duyduğumuz  hissləri, eynilə onun publisistikasında, məqalələrində, siyasi şərhlərində də duyuruq, görürük. O, milli mücadilənin içində olanlardandır.

Elçin Mirzəbəyli bizim üçün həm də səmimi dost, dəyərli yoldaşdır. İctimai işlərin çoxluğu, yorucu qrafik onu “dost məclislərindən” kənar saxlamaz, diqqətini azaltmaz. “Yol yoldaşlığı”nda sınaqdan çıxmış biridir.

50 yaşın mübarək, əziz dost! Kimlərsə bu yaşa “ömrün yarısı” deyir. Məncə, bu yaş, ömrün kamillik zirvəsidir. Sizi bu zirvədə uğurla yürüyən görmək arzusuyla!”

 

Elçin Mirzəbəyli şəxsiyyətini Yenicag.Az-a dəyərləndirən “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev isə yubilyarın çoxşahəli fəaliyyətinin ciddi tədqiq edilməsinin vacibliyini vurğuladı:

“Elçin Mirzəbəyli – mənim dostum, məsləkdaşım, istedadlı jurnalist, mahir publisist, dəmir məntiqi və maraqlı düşüncə tərzi, yüksək analitik qabiliyyəti olan dəyərli qardaşımdır. Elçin bəy həm də çox gözəl poetik təfəkkürə sahib şairdir. Tez-tez şeirlərini sosial şəbəkədə paylaşır, oxuyuram.

Bildiyiniz kimi, məşhur marşın sözlərinin müəllifidir. Biz tələbəlik dövründə o marşı çox sevdiyim zərb muğamlarımızdan olan “Heyratı” üstündə oxuya-oxuya mitinqlərə, nümayişlərə, yürüşlərə çıxırdıq.

Çox təəssüf ki, ən yaxın tariximiz – möhtəşəm Meydan hərəkatımızın tarixi dərindən araşdırılmır, öyrənilmir. Araşdıranlar var, ancaq yetərincə təbliğ olunmur. Xüsusilə də, televiziya vasitəsilə təbliğat zəif aparılır. Araşdırılıb təqdim edilsə, görərik ki, o “siyasi romantika” dövründən bizə çox zəngin ədəbi-bədii irs də qalıb. Bunların arasında Elçin Mirzəbəylinin sözlərinə olan marş da var.

Elçin bəy peşəkar kulturoloqdur. Sənətə, ədəbiyyata, mədəniyyətə öz baxışı, öz yanaşması, öz dəyərləndirməsi var. Onun bir şəxsiyyət kimi formalaşmasında mədəniyyətin, yüksək sənətin – milli və bəşəri estetik potensialın təsiri çox böyük olub.

Elçin bəylə dəfələrlə yol yoldaşı olmuşuq. İnsanı yolda daha yaxşı tanımaq olur. Çox yüksək mədəni səviyyəsi, diqqəti, səmimiyyəti ilə seçilən dəyərli qardaşımızdır.

Elçin Mirzəbəylinin bu gün 50 yaşı olur. Ömrün yarısını yaşamış qardaşımıza həyatda, yaradıcılıqda, ictimai-siyasi fəaliyyətində, tədqiqatlarında, bütün işlərində daha böyük uğurlar arzulayıram! Bu 50-nin daha birini də yaşamağını təmənna edirəm”.

 

Elçin Mirzəbəyli barəsində Yenicag.Az-a danışan “Reytinq” qəzetinin baş redaktoru Afiq Mirzəbəyli onun bir neçə istiqamətdə eyni uğurla yorulmadan çalışdığını önə çəkdi:

“Elçin bəy ölkə mediasında seçilən, nüfuzlu qələm sahibidir. Onun hər zaman aktuallığı ilə seçilən publisistik yazıları həqiqətən, bir məktəbdir.

Yüksək intellekt sahibi olan Elçin bəyin fəaliyyəti bir istiqamətlə məhdudlaşmır. Onun bir-birindən gözəl şeirləri dəyərli poeziya nümunələri kimi çox sevilir. Onun sözlərinə “Heyratı” muğamı üstündə bəstələnmiş “Azadlıq marşı” milli-azadlıq hərəkatının gedişində çox təsiredici vasitəyə çevrilib.

Elçin bəy həm də siyasi fəaliyyətdədir və jurnalistlərin ən çox üz tutduqları şərhçilərdən biridir.

Malik olduğu keyfiyyətlər onun cəmiyyətdə müsbət insan obrazını yaradıb. 50 yaşa çatmaq istənilən şəxs, o cümlədən Elçin bəy üçün çox əlamətdar haldır. Onu səmimiyyətlə təbrik edir, ən xoş arzularımı yetirirəm”.

Yenicag.Az-a açıqlamasında Elçin Mirzəbəylini başdan-ayağa vətənpərvər insan kimi xarakterizə edən “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev onun ruhən çox gənc olduğunu dedi:

“50 illik yubileyini qeyd edən çox dəyərli, kübar, yaradıcı ruha malik Elçin müəllimi həmişə özümə yaxın bir insan bilmişəm. Hətta yaxın ünsiyyətimiz olmayan vaxtlarda da onu çox doğma bir insan kimi qəbul etmişəm.

Elçin müəllimin həmişə yüksək səviyyədə olan daxili tərbiyəsi, insanlara sevgi ilə yanaşması onu başqalarından fərqləndirib. O, təpədən dırnağa qədər vətənpərvər bir insandır!

Özü də bunu şou xatirinə, nəyinsə müqabilində etmir. O, Azərbaycandakı, dünyadakı prosesləri diqqətlə izləyir, özünəməxsus nəticələr çıxarır, ictimaiyyəti məlumatlandırmağa, insanları maarifləndirməyə çalışır. Elçin müəllim yaxşı həmsöhbət, yaxşı yol yoldaşı, yaxşı dostdur.

Bu yaxınlarda övladının toy mərasimində iştirak etdik və məndə belə bir qənaət formalaşdı ki, o, həm də yaxşı atadır. Elçin müəllim həm də mənim çox sevdiyim şairdir.

Onun son illərdəki yaradıcılığı çoxlarının ruhunu oxşayır. Şeirlərindəki həzinlik, söz oynatmaları, yeni tapıntılar çox təqdirəlayiqdir. Ən əsası, bu gün 50 yaşını qeyd edən Elçin Mirzəbəyli ruhən çox gəncdir. Bizim əksər gənc həmkarlar onu özünə dost bilirlər.

Çox hörmət etdiyim bu söz, fikir adamını 50 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm! Ona yeni-yeni uğurlar, can sağlığı, xoşbəxt günlər, yaradıcılıq uğurları arzu edirəm!”

 

Jurnalist Araşdırmalar Mərkəzinin (JAM) sədri Seymur Verdizadə Yenicag.Az-a açıqlamasında Elçin Mirzəbəylinin yüksək səviyyəli peşəkar, intellekt və mədəniyyət sahibi olduğunu vurğuladı:

“Azərbaycan mediasında sözün tam mənasında peşəkar adına uyğun gələn azsaylı həmkarlarımız arasında Elçin Mirzəbəyli imzası öndə gəlir. Elçin bəy jurnalistika ilə siyasətin effektli sintezini yaradan və bu vəhdəti yarıdan gerçək söz adamıdır.

Bundan başqa, Elçin bəy poetik şedevr sayılan çox sayda gözəl şeirlərin müəllifidir. İfrata varmadan deyə bilərəm ki, rəssam öz fırçası ilə hansı dəqiqliklə işləyirsə, o da eyni ustalıqla sözlə işləyir.

Elçin bəy olduqca mütaliəli, yüksək intellektə, mənəviyyata və əlbəttə ki, mədəniyyətə malik bir insandır. Bütün bu keyfiyyətləri onu yetkin, cəmiyyət üçün olduqca faydalı, əhəmiyyətli bir insana çevirib.

Belə bir deyim var ki, insan yol yoldaşı olmadan öz doğma qardaşını da tanıya bilmir. Biz Elçin bəylə bir neçə dəfə səfərdə olmuşuq, onun necə etibarlı yol yoldaşı olduğuna şəxsən şahidəm.

Dəyərli həmkarımıza bu yubiley günündə ən xoş arzularımı, sayğılarımı çatdırır, bol-bol uğurlar diləyirəm”.

 

Elçin Mirzəbəyli haqqında Yenicag.Az-a danışan əməkdar jurnalist Samir Mustafayev yubilyarın öz müsbət keyfiyyətləri sayəsində cəmiyyətin geniş rəğbətini qazandığını qeyd etdi: 

“Həyatda elə istedadlı, səmimi və dürüst insanlar var ki, onlar haqqında hər zaman böyük rəğbət, güvənc hissi ilə danışır, yanılmadığına daxilən əmin olursan. Belə alicənab insanlar yüksək mənəvi-əxlaqi keyfiyyətləri ilə seçilir, hamının hörmət və etimadını qazanırlar.

Ömrünün 50-ci pilləsinə yetişmiş Elçin Mirzəbəyli də cəmiyyətdə məhz belə istedadlı və mənəviyyatlı ziyalılardan biri kimi seçilir. Elçin müəllim yüksək intellektual-analitik təfəkkür və düşüncəyə sahib olmaqla yanaşı, həm də incə, həssas qəlbə malik poetik təfəkkürlü şairdir, söz ustadıdır.

Elçin Mirzəbəyli cəmiyyətdə, düşündürücü, sevilən fəlsəfi-lirik şeirlərin müəllifi olaraq, eyni zamanda analitik təhlil qabiliyyətinə malik icmalçı kimi də özünü təsdiqləyib.

Yüksək mənəvi dəyərlərə bağlılığı, pozitivliyi, səmimiliyi və istedadı onu 50 yaşında hamının sevimlisinə çevirib. Qələm dostum Elçin Mirzəbəylini əlamətdar yubileyi münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, xoş günlər, yeni-yeni yaradıcılıq uğurları arzulayıram”.

Son olaraq, saytımızın baş redaktoru Aqil Ələsgərdən Elçin Mirzəbəyli haqqında ürək sözlərini öyrəndik. Elçin bəyi 17 ildən bəri tanıdığını qeyd edən A.Ələsgər “Aydın millətinin yoluna işıq salan insanlara deyilir. Elçin Mirzəbəyli bu mənalı ömrü ilə millətinin yolunda çıraq olan dəyərli ziyalılarımızdandır. Hər zaman öz mövqeyi olan, fikirlərini deməkdən çəkinməyən Elçin Mirzəbəyli imzası Azərbaycan milli mətbuat tarixinə, ədəbiyyatına artıq silinməyəcək şəkildə yazılıb. Bu gün Elçin Mirzəbəylinin üzünü görməyən insanlar onun şeirlərini əzbər bilirlərsə, deməli Elçin bəy missiyasını layiqincə yerinə yetirib” söylədi.

Yenicag.Az olaraq, bu təbriklərə qoşulur, Elçin Mirzəbəyliyə həyat və yaradıcılığında sonsuz uğurlar diləyirik.

A.Zeynalov

Yenicag.Az

www.yenicag.az

613
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM