“Hər ad günü həm də bir hesabat dövrüdür” – İlham Quliyev

11752627_922545534471120_8816050224060079811_nBu gün “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyevin ad günüdür. Yenicag.az xəbər verir ki, o, öz ad günü təəssüratlarını Modern.az-la bölüşüb.

 – Ad gününüzü necə qeyd edəcəksiniz, ailəniz və dostlarınız sizi necə təbrik etdi?

– Ömrün elə dövrünə gəlib çatmışıq ki, ad günləri insanı əvvəlki kimi sevindirmir. Amma mən qocalmaqdan qorxmuram. Hər il ad günüm çatanda növbəti ili də yaşamaq haqqı verdiyi üçün Allahıma təşəkkür edirəm! Bu gün də səhər gözümü açan kimi bunu etdim. Ümumilikdə götürəndə ad günlərimi xüsusi qeyd etməyi xoşlamıram. İndiyədək xüsusi qeyd etdiyim ad günlərim olmayıb. Adi qaydada işə gəlirəm, axşam da evə tələsirəm. Bizim redaksiyanın, hansı ki, mən artıq 16-cı ildir burada çalışıram, bir yaxşı adəti var. Əməkdaşların ad gününü kollektivlə qeyd edirik. Tort alırıq, çay süfrəsi arxasında yığışıb səbəbkara arzularımızı çatdırırıq. Bu qayda mənə də şamil edildi. Uşaqlar tort almışdılar. Onu kəsdik, çayımızı içdik, naharı da birlikdə etdik. Bu kollektivin təmsilçisi olduğuma görə, özümü xoşbəxt hesab edə bilərəm. Uşaqlar məni çox sevindirdilər. Dəyərləndirildiyini, sevildiyini görmək hamının arzusudur. Bu dəyərin səmimi olduğuna inanıram.

Paralel olaraq dostlar, həmkarlar məni təbrik yağışına tutublar. Sosial şəbəkələr ad günlərinin sosiallığını bir qədər də artırıb, əhatə dairəsini genişləndirib. Virtual dostlardan da çoxsaylı təbriklər almışam. Təbriklər axşam evdə də davam edəcək. Ailə üzvlərim hər ad günümdə məni fərqli formada təəccübləndirməyə çalışırlar. Yəqin bu gün üçün də nəsə düşünərlər. Ənənəyə əsaslansaq, axşam təbrik üçün valideynlərim də zəng edəcəklər. Ətrafımdakı bütün insanlara, kollektivimizin təmsilçilərinə, valideynlərimə, dostlara, həmkarlara, ailə üzvlərimə verdikləri dəyərə görə təşəkkür edirəm.

– Ad günlərini necə qiymətləndirirsiniz?

– Düşünürəm ki, hər ad günü həm də bir hesabat dövrüdür. Bu baxımdan deyə bilərəm ki, geridə qalan il mənim üçün uğurlu oldu. Ölkə rəhbərliyi tərəfindən Əməkdar jurnalist fəxri adını aldım. Qəzetimizin sahibləri məni baş redaktor vəzifəsinə təyin etdilər. Bütün bunlar həm də məsuliyyətdir. İndi çiyinlərimdə daşıdığım yük daha da artıb.

– Rəhbəri olduğunuz qəzetlə bağlı hansı planlarınız var?

– Bir ailə kimi olan kollektivin bütövlüyünün qorunub saxlanılması, qəzetimizin daha da inkişaf etdirilməsi ilə bağlı çoxsaylı planlarımız var. Yaxın günlərdə “Kaspi”nin nəşrləri silsiləsindən çap etdiyimiz “Hüseyn Cavid, Vətənə qayıdış” kitabının və foto albomunun təqdimatını keçirəcəyik. Kitab və albom çapdan çıxıb və əlimizdədir.

Bu işi başa vurandan dərhal sonra “Millət fədailəri” adlı yeni kitabın üzərində işləməyə başlayacağıq. XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış maarifçi ziyalılarımızla bağlı indiyədək hazırladığımız 11 xüsusi buraxılışın materialları bir kitab halında nəşr olunacaq. Bu böyük bir zəhmətin məhsulu olacaq və ümid edirik ki, nəşr olunacaq kitab həmin dövrün hadisələrinə və şəxsiyyətlərinə işıq tutacaq. Qəzetimizin təsisçisi Sona Vəliyevanın ideya müəllifi olduğu kitabın ali məktəblərdə təhsil alan gənclərimiz üçün yaxşı bir əyani vəsait olacağına da ümid edirik.

– “Kaspi”ni hansı səviyyədə görmək istəyərdiniz?

– Medianın gələcəyi internetlə bağlıdır. Bu səbəbdən də qəzetimizin internet versiyasının üzərində ciddi işləməkdəyik. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından bu istiqamətin xüsusi rolunun olduğunu nəzərə alaraq, hazırda saytımızın ingilis dili versiyası üzərində işləyirik. Xeyli müddətdir saytımız on-line rejimdə Azərbaycan və rus dillərində fəaliyyət göstərir, gələn il yanvarın 1-dən ingilis dilində də xəbərlər yayımlanacaq. Hazırda bunun üçün texniki baza və kadrlar yığmaqdayıq. Bu ilin sentyabrından etibarən “Kaspi”nin yeni dövr üçün konsepsiyasını da təsdiq etmişik və işimizi bu konsepsiya əsasında qurmağa çalışırıq. Biz “Kaspi”ni “3 əsrin qəzeti” adlandırırıq. Gələn il “Kaspi”nin nəşrə başlamasının 135 ili tamam olacaq. Bu münasibətlə bir sıra layihələr həyata keçirməyi nəzərdə tuturuq. Ümumiyyətlə, planlarımız çoxdur. İnanırıq ki, bu ideyaları yüksək keyfiyyətlə və peşəkar səviyyədə icra edə biləcəyik.

 

Vüsalə Qəzənfərqızı