Son vaxtlar cəmiyyətdə və KİV-də müzakirə olunan mövzulardan biri də kurikulumla bağlıdır.
Hazırda Azərbaycan özünün təhsil sistemini dünyanın ən mütərəqqi ölkələrinin təhsil prinsiplərindən istifadə etməklə təkmilləşdirir. Bu gün dünyanın mütərəqqi təhsil modeli kimi kurikulum ölkəmizdə də uğurla tətbiq edilir.
Mövzu ilə bağlı Hədəf Liseyinin direktoru, f.ü.f.d.,dos. Şəmil Sadiq Sonxeber.az-a danışıb. O, bildirib ki, son vaxtlar kurikulumla bağlı xeyli müzakirələr başlayıb:
“Əslində bu çox sevindirici haldır, şəxsən bir müəllim olaraq mən bundan məmnunam. Çünki tənqid olunmayacaq heç nə yoxdur, ola da bilməz. Poztiv tənqid həmişə işin xeyrinə olub. Bu cür açıq tənqidlərin olmasına görə Azərbaycan Respublikası Təhsil Nazirliyinə təşəkkür düşür. Çünki indiyə qədər təhsil mühitimizdə bu qədər demokratik şərait olmamışdı. İndi isə hər kəsə bu mövzuda öz ürək sözünü deyə bilmə imkanı yaradılıb. Əmin olun ki, 10 ildən çox bir müddətdə Kurikulum-Yeni təhsil sənədləri və fəlsəfəsi bu qədər açıq tənqid edilməmişdi. Əgər bu prosesi izləyib, doğru nəticələrə varılsa, əminəm ki, nəticə olaraq təhsilimiz qazanclı çıxar.
Bəzi müəllimlərimiz ümumilikdə təhsilin hansısa bir yönündən narazılığını ifadə etməsini də kurikulum adı ilə edir və hər bir günah kurikulumun üstündə qalır. Hətta bir az dərinə varsaq, maaşın azlığından da danışanda bunu kurikulumun problemi kimi görənlər var”.
Şəmil Sadiq təhsil sistemimizdə müəyyən boşluqların olduğunu da qeyd edib:
“Bu boşluqlar kadrlardan başlamış, valideynlərimizə, dərsliklərimizə, qiymətləndirməmizə, qəbul imtahanlarımıza qədər uzanır. İnanın mənə, heç bir millət təhsil mövzusunda bu qədər həssas deyil. Lakin hər bir Azərbaycanlı bu mövzuda nəsə demək həvəsindədir. Kimi dindirsən, təhsildən şikayətçidir, halbuki bu hər kəsin yox, mütəxəssislərin rəy bildirməsi ilə düzələ bilər və məhz onların fikri önəmlidir. Lakin bu hal da yaxşıdır, bir daha onu göstərir ki, biz millət olaraq övladlarımızın təhsil almasında çox maraqlıyıq. Ona görə də hər birimiz bu mövzularda həssasıq.
Əlində, Kurkikulumun mahiyyətini dərk edənlər bunun əleyhinə ola bilməzlər. Çünki işini sevən, müəllimliyini dərk edən, millətini sevən, şagirdinə və işinə bağlı olan, dəyərlərini bilən və sahib çıxan müəllim üçün heç nə dəyişmir, istər ənənəvi, istərsə də yeni təlim metodları olsun. Nə qədər çətin olsa da, təhsil daima yeniliklərə açıq olmalı və geriliyə qarşı sinə gərməlidir. Sabahımızı milli-mənəvi dəyərlərə arxa duran, cəsarətli və fədakar müəllimlərimizlə xilas edə bilərik. Hər kəsin yanğısı və etirazı başa düşüləndir”.
Şəmil Sadiq cəmiyyətdə və KİV-də gedən müzakirələrdən sonra gəldiyi nəticələrdən söz açıb:
“Mənim bir müəllim, bir pedaqoq kimi bu müzakirələrdən sonra gəldiyim müəyyən qənaətlər var, ona görə də ümumiləşdirib sadalamaq istərdim:
Pedaqoji fakültələrin tələbələrinin müəllim kimi formalaşması üçün müasir standartlarla ayaqlaşan bir təhsil verilməli, tələbələrin təhsilinin son iki kursunu məktəblərdə təcrübəçi kimi formalaşmasına geniş imkanlar yaradılmalıdır. Üniversitetlərimiz məktəblər üçün yüksək bilik və bacarığa sahib kadr yetişdirməli, tədris proqramlarını kökündən yeniləməlidir.
Qiymətləndirmə siyasətinə yenidən baxılmalı, ibtidai siniflərdə ümumiyyətlə qiymətləndirməni ləğv etmək, orta təhsildə ciddi şəkildə sadələşdirmək, tam orta təhsildə buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirmək və formatı Kurikulumun məzmununa tam uyğunlaşdırmaq lazımdır. Qiymətləndirmədəki formalizm müəllimi sözün əsl mənasında çox yorur.
11-ci sinif şagirdi həm buraxılışda, həm də qəbul imtahanında niyə eyni fəndən iki dəfə imtahana girməlidir? Buraxılış imtahanları nə üçün aprel ayının əvvəlində olmalıdır ki, ondan sonrakı bir ay məktəblərin iş sistemi pozulsun. Olmazmı ki, elə məktəb bitəndən sonra bir imtahan verməklə, həm attestat alınsın, həm də üniversitetlərə qəbul aparılsın? Artıq mərkəzləşdirilmiş imtahan sisteminə keçilməlidir.
Məktəblərimizdə pedaqoji sütunu təşkil etməli olan metodkabinetlərin işi ciddi şəkildə nəzarətə götürülməli, o vəzifələri ciddi pedaqoji təcrübəsi və bacarığı olan şəxslər gətirilməli, məktəb direktoru qədər önəmli vəzifə hesab edilərək yetişdirilməli, metodoloji yenilikləri onların vasitəsi ilə yerlərdəki müəllimlərə çatdırmalıyıq. Çünki hazırda metodkabinetlərin sadəcə adı var və işləmir. Hər metodbirləşmə sədri hər ay müəllimlərinə təlimlər verməli, pedaqoji mühiti sağlamlaşdırmalıdır həm təlim, həm də tərbiyə baxımından.
2019-cu ildə qəbul edilmiş Təhsil qanununu əsas tutaraq Kurikulum yenidən təkmilləşdirilməli, milli-mənəvi dəyərlərə aid standartların genişləndirilməli, STEAM yanaşmaları milli kurikuluma daxil edilməli və buna cavab verən dərsliklər hazırlanmalıdır.
Tədris planlarına yenidən baxılmalı, tədris yükünü azaltmalı, şəxsiyyət yönümlü insan yetişdirmək üçün məktəb-valideyn münasibətlərini şəffaflaşdırmalı, valideynin məktəbə inamını artırmalıyıq. Bunun üçün ciddi şəkildə maarifləndirici işlər aparılmalı, bu birliyi yaratmalıyıq.
Təhsil Nazirliyi yanında İctimai Şura ictimaiyyətin fikirlərini toplayıb vahid bir sənəd kimi Təhsil Nazirliynə təqdim edərək yardım etməlidir”.