“Hər dəqiqə kiberməkanda qazanc üçün 500 milyon hücum təşkil edilir” – VİDEO

“Müasir cəmiyyətdə internet demək olar ki, həyatımıza, daha dəqiq desək, hər anımıza hakim kəsilib. Bir çox hallarda az qala insanları idarə edir kimi də düşünmək olar. Real həyatda təhlükəsizliyimizin önəmli olması kimi virtual aləmdə də təhlükəsizlik önəmlidir”.

Yenicag.az xəbər verir ki, bunu “Kibertəhlükəsizlik həftəsi”nə həsr edilmiş mətbuat konfransında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) mətbuat katibi Günel Gözəlova deyib.

Qurum rəsmisi bildirib ki, kiber təhlükəsizlik şirkəti olan “Arbor Networks”un verdiyi sonuncu statistikalara görə 2019-cu ildə baş verən kibercinayətlər son 11 ilə nəzərən 60 dəfə daha çoxdur ki, bu da çox ciddi rəqəmdir:

“Məhz bu səbəbdən dövlətlər, şirkətlər və fərdlər üçün kibertəhlükəsizlik son dərəcədə önəmli olmalıdır. Araşdırmalara görə dünyada əhalinin 46%-i internetə qoşulur. Hər dəqiqə kiberməkanda 500 milyon hücum təşkil edilir. 95% belə hücumun səbəbi isə yalnız qazancdır. Nəzərə alsaq ki, 2035-ci ilədək dünyada 1 trilyon cihazın internete qoşulacağı proqnozlaşdırılır, bu zaman məsələnin nə dərəcədə ciddi və qlobal xarakter daşıdığı aydın olar. Bu gün özünün kibertəhlükəsizlik strategiyasını hazırlayan Azərbaycan təbii ki, bu riskləri bilir və onların qarşısının alınmasında bu strategiyadan irəli gələn müddəaların həyata keçirilməsi mühüm rol oynayacaq. Azərbaycan ötən dövrdə özünün kibertəhlükəsizlik indeksini də yaxşılaşdırıb. 194 ölkənin iştirak etdiyi və ölkəmiz ilk üçlük – ABŞ, Böyük Britaniya və Fransanın bölüşdüyü “Global Cyber Security” indeksində hazırda 55-ci yerdə qərarlaşıb”.

G. Gözəlova qeyd edib ki, ölkəmizdə yaşından və hüquqi vəziyyətindən asılı olmayaraq hamını kibertəhlükəsizlik məsələsinin nə qədər ciddi olduğuna istiqamətləndirmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ikinci ildir “Kibertəhlükəsizlik həftəsi” təşkil edir: “Növbəti tədbirimiz 2-6 mart tarixlərində, xüsusilə bu sahənin beynəlxalq arenadan olan mütəxəssisləri ilə keçiriləcək. Sözügedən həftə çərçivəsində kibertəhlükəsizlik sahəsinin müxtəlif istiqamətlərinə həsr edilmiş 8 böyük tədbirin təşkili nəzərdə tutulur”./Qafqazinfo/

COP29