“Ermənistan parlamentində bir həftə sonra olacaq ikinci səsvermə zamanı da Respublikaçılar Partiyasının növbəti dəfə əvvəlki mövqelərində qalacağı istisna deyil”
Bu sözləri Yenicag.az-a açıqlamasında parlamentinin yeganə namizəd Nikol Paşinyanı baş nazir seçməkdən imtina etməsindən sonra Ermənistanda prosesin hansı istiqamətdə cərəyan edəcəyinə dair fikirlərini bölüşərkən Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib:
“Əslində, mayın 1-də Ermənistan parlamentində keçirilən baş nazir seçkisinin məhz baş tutmaması ilə nəticələnəcəyini əvvəldən proqnozlaşdırmaq mümkün idi. “Daşnaqstyun”, “Çiçəklənən Ermənistan” və “Elk” partiyası Paşinyanın namizədliyini dəstədiklərini bildirdilər. Amma bu fonda onu unutmayaq ki, parlamentdə ən böyük səsə hakimiyyətdən salınan Serj Sarkisyanın Respublikaçılar Partiyası malikdir. Məhz onların mövqeyindən asılı olaraq vəziyyət bu və yaxud digər istiqamətdə dəyişə bilərdi və gördüyümüz kimi də Paşinyanın istəyinə uyğun olmayaraq dəyişdi. Respublikaçılar Partiyasından cəmi bir deputat Paşinyanı dəstəklədi, yerdə qalanlar isə onun əleyhinə səs verdi. Mövcud vəziyyətdə Konstitusiyaya görə bir həftə ərzində ikinci dəfə baş nazir seçkiləri reallaşdırılmalıdır.
Ola bilsin ikinci turda da Respublikaçılar Partiyası əvvəlki mövqelərində qalsın. Bununla belə, bir hadisənin baş verməsi onların bu niyyətinin üstündən xətt çəkə bilər. Yəni hakim partiyadan olan deputatların bir çoxu Paşinyanı dəstəkləsə, ikinci turda onun baş nazir olmaq şansları artar. Bilirsiniz ki, birinci cəhdi alınmayandan sonra Paşinyan xalqa müraciət edərək onları total vətəndaş itaətsizliyinə çağırıb. Bu fonda hadisələr Paşinyanın gözlədiyi kimi cərəyan edərsə, Sarkisyan təzyiqlər nəticəsində iqtidardan getdiyi kimi, Respublika Partiyası da oxşar aqibəti yaşayacaq. Bir çox deputat hakim partiyanı tərk edəcək. Belədə, ikinci turda Paşinyanın qalib gəlməsi labüd olar. Amma parlament çoxluğu vaxt udub bir həftə ərzində geniş maliyyə imkanlarından yararlanaraq birləşə və xalqın eyforiya vəziyyətindən uzaqlaşmasına nail olmaqla zamanı öz xeyirlərinə də dəyişə bilərlər. Bu ssenarini də kənara atmaq olmaz. Hər şey xalqın Paşinyanın son çağırışına reaksiyasından asılı olacaq”.
İşğalçı ölkədə cərəyan edən həmin prosesin Ermənistanın özü və Azərbaycana təsirinə gəldikdə, həmsöhbətimiz qeyd etdi ki, hər halda düşmən ölkə öz tarixinin siyasi kataklizmlərlə dolu olan bir mərhələsinə daxil olub:
“Bu əsasda da Ermənistan növbəti dəfə bir neçə on illik geri atıldı. Onun iqtisadiyyatı, maliyyə vəziyyəti və beynəlxalq imicinə ciddi zərbə dəydi.
Ermənistandakı həmin prosesin ölkəmizə təsirini gəldikdə, Azərbaycanda da bu proses diqqətlə izlənilir. Torpaqlarımızı işğal etmiş bir dövlətdə baş verənlərin Azərbaycanda diqqətlə izlənilməsi məntiqlidir. Azərbaycan onun fərqindədir ki, Ermənistanda praqmatik siyasətçinin hakimiyyətə gəlməsinə böyük ehtiyac vardır. Elə bir praqmatik hakimkiyyət ki, onun işğal faktorunda iştirakı olmasın, ölkəsinin ağır durumda olmasının məhz işğalla əlaqədar olduğunu dərk etsin və onlar üçün xalqının yaşam məsələsi önəmli olsun. Belə olarsa, yaranmış vəziyyətdən həm Azərbaycan, ilk növbədə də erməni xalqının özü udar”.
Qeyd edək ki, mayın 1-də olan səsvermə nəticəsində Ermənistan parlamentindəki Respublikaçılar Partiyasından ibarət çoxluq rəhbərləri Sarkisyanın devrilməsində əsas rol oynayan Nikol Paşinyanın baş nazir seçilməsinə maneə oldular. Buna cavab olaraq, Paşinyan yenidən xalqı kütləvi itaətsizliyə çağırıb.
ELÇİN