!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hərbçilərin icbari şəxsi sığortası sahəsində hansı islahatlar aparılacaq?

Prezident İlham Əliyevin yeni Fərmanına əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta üzrə fəaliyyətini və həmin sığorta vəsaitlərinin idarə edilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu həyata keçirəcək.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, dövlət başçısının təsdiq etdiyi yeni Qanuna uyğun olaraq, artıq yeni ildən Nazirlik bu sahədə köklü islahatlara başlayacaq.

İlk mərhələdə hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasının uçot sistemi qurulmaqla yığım prinsipi əsasında həyata keçirilməsi təşkil ediləcək. Bu sahədə inzibatçılığın, xidmətlərin keyfiyyətinin, vətəndaş məmnunluğunun innovativ yanaşmalar tətbiq etməklə təkmilləşdirilməsi təmin olunacaq.

Yeni ildən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə idarəçilik və xidmətlərin elektron infrastrukturunun qurulmasına başlanacaq. Bu da fəaliyyət sahəsində müasir, optimal və çevik idarəçiliyin, hərbi qulluqçulara xidmətlərin e-qaydada, şəffaf və operativ həyata keçirilməsinə şərait yaradacaq.

Bu, həmçinin sığorta ödənişinin alınması məqsədi ilə hərbi qulluqçuların ötən dövrdə böyük vaxt itkisi ilə üzləşmələri, çoxsaylı sənəd toplamaq məcburiyyətində qalmaları kimi halların aradan qaldırılmasına imkan verəcək.

Hərbi qulluqçulara sığorta ödənişlərinin vaxtında və dayanıqlı şəkildə ödənilməsi təmin edilməklə, sığorta ödənişlərinin dayanıqlığının təminatı məqsədilə sığorta ehtiyatı yaradılacaq.

Sığorta vəsaitlərindən daha səmərəli istifadə olunması islahatların əsas prioritetlərindən olacaq. Qeyd olunan sığorta ehtiyatının effektiv idarə olunmasından əldə edilən gəlirlər isə şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial müdafiəsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, reabilitasiya vasitələri ilə təmin edilməsi, digər dəstəklə təminatı tədbirlərinə yönəldiləcək.

Dövlət icbari şəxsi sığorta sahəsində xidmətlərin “DOST” mərkəzlərində təşkil edilməsi də təmin olunacaq.

Xatırladaq ki, dövlət başçısının 18 may 2021-ci il tarixli “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı ilə hərbi qulluqçuların və digər bir sıra kateqoriyalardan olan şəxslərin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri 2022-ci il yanvarın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.

www.yenicag.az

125
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100