Hərbi attaşelər və diplomatların Laçına səfəri başa çatdı

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri – səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların təmsilçiləri mayın 24-də Laçın İqlim Fəaliyyəti Dialoqu çərçivəsində Zerti Aqro-Sənaye Parkında olublar.

Yenicag.az xəbər verir ki, diplomatlara Zerti Aqro-Sənaye Parkındakı heyvanlar, yem istehsalı, həmçinin göyərti və pomidor becərilməsi üçün konteyner tipli təsərrüfatlar barədə məlumatlar verilib.

Bildirilib ki, burada fəaliyyət göstərən bütün müəssisələr ən müasir texnologiyalarla təchiz olunub. Laçınlılar xaricdən dəvət edilmiş mütəxəssislərdən dərs alaraq həm işlə təmin olunur, həm də peşəkar vərdişlərə yiyələnirlər. Bu mənada Aqro-Sənaye Parkında fəaliyyət göstərən hər bir müəssisə həm də tədris-təlim mərkəzi sayıla bilər.

Diplomatik korpusun nümayəndələri sonra “Hoçazfilm” studiyasına gəliblər. Məlumat verilib ki, çoxşaxəli yaradıcılıq məkanı olan “Hoçazfilm”in perspektiv fəaliyyət istiqamətləri çox genişdir. Bu istiqamətlərə Qarabağ regionunun genişmiqyaslı təbliğatı ilə bağlı layihələrin həyata keçirilməsi, bölgədə keçiriləcək mədəni-kütləvi tədbirlərin işıqlandırılması, Laçında yenidənqurma işlərinin, regionun milli brendlərinin və yerli məhsulların təşviqi, kinoteatr və yaradıcı ittifaqla əməkdaşlıq, gənclər üçün yay məktəbləri, yaradıcılıq atelyeləri, kinematoqrafiya, rəsm kursları və müsabiqələrinin təşkili daxildir. Pavilyon texniki təchizat, o cümlədən səs, işıq izolyasiyası baxımından beynəlxalq standartlara uyğundur.

Diplomatlar Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına töhfə vermək məqsədilə Həkəri çayının Laçın rayonu ərazisindən keçən hissəsinə forel balıqlarının buraxılması prosesini də izləyiblər.

Sonra 28 May – Müstəqillik Gününə həsr olunan “Xalça belə yarandı” sərgisinin açılışı olub. Sərgidə milli xalçalarla yanaşı, müxtəlif dizaynlarda hazırlanmış sənət nümunələri də nümayiş etdirilib.

Azərbaycanda akkreditə olunan diplomatik korpus təmsilçilərinin Laçına səfəri başa çatıb.