Hərbi cəhətdən təhdidə çevrilən “TikTok”: “Qondarma informasiyalar erməni dəyirmanına su tökür”

“Azərbaycanın mövcud qanunvericiliyinə görə, hərbi sirr təşkil edən informasiyaların yayılması qadağandır”.

Bu fikirləri vətəndaşların sosial şəbəkələrdə hərbi sirr xarakterli məlumatların paylaşılmasının qarşısının alınması üçün zəruri tədbirlər haqqında danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Ermənistan bəzən yalançı mövqeyini əsaslandırmaq üçün Azərbaycanın informasiya məkanında yayılan naşı xəbərlərə də istinad edirlər.

“Bu məsələ, eyni zamanda, “Media haqqında” Qanunda, o cümlədən “İnformasiya, informasiyalaşdırma və informasiya mühafizəsi haqqında” Qanunla da qadağan olunmuş sayılır.

Hərbi sirr deyərkən qoşun bölmələrinin əməliyyat planları, dislokasiya yeri, hərəkət istiqamətləri və sair nəzərdə tutulur. Otuz ilə yaxın müddət ərzində Azərbaycanın xəbər istehsalçılarında hələ də bu qanunun tələblərinin yerinə yetirilməsi barədə vərdişlərin formalaşmadığını təəssüf hissi ilə qeyd etmək lazımdır. Hər dəfə Ermənistanla Azərbaycan arasında münasibətlər gərginləşən zaman bu cür məlumatların yayılmasının şahidi oluruq.

Azərbaycanın hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının Baş Prokurorluğu, həmçinin Mətbuat Şurası bu tip informasiyaları yaymamaq haqqında xəbər istehsalçılarına xəbərdarlıq edir. Xəbər istehsalçılarının tirajladığı hər bir materialın düşmənin istifadəsinə yaradığını nəzərə almaq lazımdır. Onlar nəinki hərbi sirlər haqqında məlumat alır, hətta bu cür informasiyalardan Azərbaycan əleyhinə təbliğat aparmaq üçün də faydalanırlar.

Hazırda Ermənistanın səyi ilə Azərbaycana qarşı yenidən informasiya savaşı aparılır. Onlar Azərbaycanın guya Ermənistana qarşı yeni müharibəyə hazırlaşdığını, yaxud Qarabağda yaşayan insanları humanitar böhrana məruz qoyduğunu sübut etmək istəyirlər. Təbii ki, bunlar yalan informasiyalardır. Lakin ermənilər bu yalanları isbata yetirmək üçün çoxsaylı qondarma faktlar və informasiyalar yayırlar. Təəssüf ki, bəzən yalançı mövqelərini əsaslandırmaq üçün Azərbaycanın informasiya məkanında yayılan naşı xəbərlərə də istinad edirlər.

Son günlər sosial şəbəkə platformalarında, xüsusi olaraq “Tiktok”da yayılan qondarma informasiyalar erməni dəyirmanına su tökmüş olur. Bu sosial şəbəkədə Azərbaycanın guya qoşun bölmələrinin yerdəyişməsi, Ermənistanla sərhəddə canlı qüvvə və hərbi texnika yığması barədə informasiyaların şahidi oluruq. Həmin xəbərlər isə ermənilərin yalançı təbliğatına dəstək vermiş olur.

Biz bir daha Azərbaycan xəbər istehsalçılarına, xüsusi olaraq sosial şəbəkə istifadəçilərinə müraciət edirik: Hərbi əhəmiyyət daşıyan informasiyaların naşıcasına, standartlardan kənar formada hazırlanıb yayılmamasına və qanunvericiliyin tələblərinə əməl edilməlidir. Bu, ölkənin və xalqın təhlükəsizlik məsələsidir”.

Nəsimi Ələsgərli