Hərbi ekspert: “Azərbaycan Naxçıvanı blokadadan çıxarmaq üçün Mehri koridorunu nəzarətə götürə bilər”

“Ermənilər dünya ictimayətini inandırmağa çalışırlar ki, tabor komandiri, mayor Aqil Ömərovu onlar vurmayıb. Azərbaycan ordusu isə bir erməni işğalçısını məhv etdikdən sonra daha bir şəhid verdi. Bəziləri deyir ki, ermənilər arasında qarşıdurma var, ancaq buna qətiyyən inanmaq olmaz”.

Bu sözləri Yenicag.az-a son zamanlar cəbhə xəttində baş verənləri şərh edən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazov bildirib ki, ermənilər arasında qarşıdurma erməni mənafeyi gündəmə gələndə arxa plana keçir və unudulur:

“1992-ci ilin may ayının 5-də keçmiş Ermənistan prezidenti Levon Ter-Petrosyan Tehranda sülh yolu ilə problemin çözülməsi üçün müqavilə imzaladı. Mayın 8-də isə ermənilər Şuşanı işğal etdilər. Budur, ermənilərin qarşıdurması? O zaman Ter-Petrosyan da dedi ki, düzdür, razılaşmışıq, ancaq işğal da faktdır, bununla razılaşmalıyıq. 1993-cü ilin yayında Ermənistan öhdəlik götürdü ki, Kəlbəcər boşaldılsın. Rusiya da buna görə təzyiqlər edirdi. Ancaq arxasınca Köçəryan Ağdamı işğal etdi. Yəni, Ermənistanda siyasi arenadakı çəkişmələr haqda xırda faktlar varsa da, ancaq hər şey bir mərkəzdən idarə olunur. Mayor Aqil Ömərovun da vurulması bir mərkəzdən idarə olunur. Ermənistanda qarşıdurmanın olması bəzi dırnaqarası ekspertlərimizin başını aldada bilər. Uzaq və yaxın tarix boyu bunları görə-görə gəlirik”.

Ordunun cavab tədbiri görməməsinə gəldikdə isə, hərbi ekspert bunları deyib:

“Ordu özbaşına heç bir iş görə bilməz. Ordunun görəcəyi ilk iş nöqsanları təcili surətdə aradan götürməsidir. Sülh danışıqlarının nəticə verməməsi, Paşinyanın Azərbaycan hərbi qulluqçusunu şəhid edən erməni işğalçısını təltif etməsi onu göstərir ki, onlar səmimi deyillər. Biz onların səsləndirdiyi fikirlərə aldanmamlıyıq. Əgər onlar Azərbaycan əsgərini öldürən hərbçini mükafatlandırırlarsa, Azərbaycan tərəfi də, genişmiqyaslı əməliyyatlar keçirib, erməni tərəfini başa salmalıdır ki, vəziyyət kimin nəzarətindədir. Əgər bu əməliyyat böyüyəcəksə və buna başqa dövlət qoşulacaqsa, o zaman Aərbaycanın Naxçıvandan girmək kimi şansı var. Kimlərsə deyirsə ki, Naxçıvandan hücum etmək beynəlxalq qanunvericiliyə ziddir, bu boş fikirdir. Çünki Naxçıvanla Azərbaycanı birləşdirən dəmiryol xətti həmişə Azərbaycanın nəzarətində olub. Elə buna görə də, həmin dəmiryol xətti boyu ərazini işğaldan azad etmək hüququmuz var. Əgər 1992-cı ilin may ayının 8-də və 17-də Laçın-Şuşa yolu ermənilər tərəfindən açıldısa, oradan yüzminlərlə əhali qovuldusa və bütün dünya bunu “mühasirədə” qalan ermənilərin özünə dəhliz açması kimi qiymətləndirsə, biz də Naxçıvanın blokadadan çıxması üçün bu əməliyyatı həyata keçirə bilərik. Biz Naxçıvanın blokadadan azad olması üçün bu tədbirləri həyata keçirməliyik. Azərbaycanın ordusu kifayət qədər güclüdür. Bütün variantlardan istifadə edərək, Ermənistan hakimiyyətini yerinə oturtmalıyıq”.

Tərlan Eyvazov onu da qeyd edib ki, müharibənin alovlanması Paşinyan hakimiyyətinə sərf edir:

“Paşinyan görür ki, xaricdən heç bir dəstək yoxdur, ona görə də verdiyi vədləri yerinə yetirə bilmir və bu səbəbdən də ən gözəl variant kimi müharibəni alovlandırmaq istəyir. Belə olan təqdirdə xaricdəki havadarlar hərəkətə keçəcək. Necə ki, 2016-cı ilin aprel döyüşlərindən sonra xaricdə yaşayan ermənilər İrəvana külli miqdarda pul yardımı etdilər. Bu gün cəbhədəki təxribatlar birbaşa Ermənistan hakimiyyətinin göstərişi ilə həyata keçirilir”.

Səxavət Məmməd

COP29